05_heydar-aliyev-markazi-kosmosa-sayahat-sargi.jpg
3 dekabr 2013

Heydər Əliyev Mərkəzində “Kosmosa səyahət” sərgisinin dünya təqdimatı olub

Dekabrın 3-də Heydər Əliyev Mərkəzində ABŞ-ın Kosmik və Raket Mərkəzinin “Kosmosa səyahət” sərgisinin ilk dünya təqdimatı olub.

 

Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov sərginin açılış mərasimində çıxış edib: “Sərginin bu il açılması çox əlamətdardır. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə bu il “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunmuşdur. Bu il fevralın 8-də Azərbaycanın ilk süni peyki orbitə buraxılmışdır”.

 

Heydər Əliyev Mərkəzinin artıq beynəlxalq sərgilərin, konfransların keçirildiyi məkana çevrildiyini deyən Anar Ələkbərov bu sərginin ərsəyə gəlməsinə verdikləri dəstəyə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və tərəfdaş təşkilatlara təşəkkürünü bildirib.

 

ABŞ-ın Kosmik və Raket Mərkəzinin icraçı direktoru Debra Barnhart sərginin təşkilinə görə Heydər Əliyev Mərkəzinə təşəkkür edib. O, sərgidə insanın kosmos sahəsində nailiyyətlərini əks etdirən eksponatların nümayiş olunduğunu vurğulayıb. D.Branhart ABŞ-ın Kosmik və Raket Mərkəzinin bütün dünya üzrə gənclərin məlumatlandırılması ilə məşğul olduğunu söyləyib: “Bu sərgi də Azərbaycan gənclərini insanın kosmos sahəsində əldə etdiyi uğurlarla tanış etmək məqsədi daşıyır”. D.Branhart Azərbaycan xalqını ölkənin ilk süni peykinin orbitə buraxılması münasibətilə təbrik edib.

 

Alabama Elmi Kosmik Sərgisinin direktoru Rusvet Levis isə bildirib ki, sərginin məqsədi heç də kosmos sahəsində yalnız keçmişdə yaşananların nümayişi deyil: “Məqsəd eyni zamanda, gələcəkdə insanların hansı nailiyyətlərə imza ata biləcəyini görmək üçün zəmin yaratmaqdır. Ona görə də belə sərgiləri dünyanın hər yerində nümayiş etdirməklə, əsasən gənclərin diqqətini çəkməyə çalışırıq”.

 

Tədbirdə Bakıda anadan olmuş kosmonavt, Sovet İttifaqı Qəhrəmanı Musa Manarov da çıxış edib. O, sərginin Azərbaycanın paytaxtında keçirildiyinə görə təşkilatçılara minnətdarlıq edib: “Azərbaycan mənim vətənimdir. Azərbaycanda Yerin dərin qatlarına həmişə diqqət çox olub. Bunun nəticəsidir ki, Azərbaycan neft ölkəsidir. Qəhrəman Azərbaycan neftçilərinin əməyi və bu neftin sayəsində İkinci Dünya müharibəsində qələbə qazanmaq mümkün olmuşdur. Lakin hazırda Azərbaycanda diqqət səmaya yönəlir. Düşünürəm ki, gənclər getdikcə kosmosa maraq göstərəcək və gələcəkdə Azərbaycandan da astronavtlar olacaq”.

 

Sonra sərgi ilə tanışlıq olub. Sahəsi 3500 kvadratmetr olan sərgidə yüzədək eksponat nümayiş etdirilir. Onların arasında kosmik stansiyalar, kosmosda olmuş aparatlar və Ay səthindən gətirilmiş orijinal daş parçası, müxtəlif peyklərin hissələri və onların maketləri, kosmonavt geyimləri və aksessuarları, meteoritlər və sair var.

 

Sərgidə Azərbaycanın aerokosmik nailiyyətlərini əks etdirən xüsusi təqdimat da olub. Burada Azərbaycanın ilk süni peyki barədə məlumatlar, onun maketi numayiş etdirilib.


FOTO

VİDEO