Parisin Trokadero meydanında Heydər Əliyev Fondunun, Azərbaycanın Fransadakı səfirliyinin, İqtisadiyyat və Sənaye Nazirliyinin, Fransada fəaliyyət göstərən “Ulduz” Assosasiyasının dəstəyi, Parisdəki “Azərbaycan evi”nin təşəbbüsü ilə “Milad şəhərciyi” satış-yarmarkası keçiriləcək. Azərbaycan yarmarkada ilk dəfə təmsil olunacaq.
Layihənin məqsədi 2013-cü il dekabrın 12-dən 2014-cü il yanvarın 5-dək davam edəcək satış-yarmarkada Azərbaycanı və onun müxtəlif çeşidli məhsullarını fransızlara yaxından tanıtmaqdır. Tədbirdə iyirmi milyondan artıq fransızın və Fransanın qonaqlarının iştirakı nəzərdə tutulur.
Yarmarkada Azərbaycan milli mətbəxinin nümunələri, müxtəlif hədiyyələr, milli bəzək əşyaları təqdim olunacaq, ölkəmizin tarixini, mədəniyyətini, turizm imkanlarını, təbiətini əks etdirən kitablar və broşüralar paylanacaq.