Martın 20-də Heydər Əliyev Fondu tərəfindən Bakının Bilgəh qəsəbəsindəki “Jumeirah Bilgah Beach Hotel” kompleksində “Eurovision- 2012”də çıxış edən 42 ölkənin nümayəndə heyətləri rəhbərləri üçün ziyafət təşkil edilmişdir.
Qonaqları salamlayan fondun nümayəndəsi Kamran Kərimbəyov bildirmişdir ki, bu gün Azərbaycanın hər yerində Novruz bayramı böyük təntənə ilə qeyd olunur. Biz novbəti bayram əhvali-ruhiyyəsini cari ilin mayında Bakıda birgə yaşayacağıq.
İştirakçıları salamlayan “Eurovision” layihəsinin rəhbəri Yan Ola Sand demişdir ki, bu günlər Bakıda “Eurovision-2012” mahnı müsabiqəsində iştirak edən ölkələrin nümayəndə heyətləri rəhbərlərinin iclası olmuşdur. İclasda “Eurovision-2012” şousu ilə bağlı aparılan hazırlıq işləri müzakirə edilmişdir. 42 ölkədən olan nümayəndə heyətlərinə “Eurovision-2012” mahnı müsabiqəsinə aid olan məkanlar, hotellər, “Bakı Kristal Zalı” və burada təqdim olunacaq şou və hazırlıq prosesini əhatə edən digər məsələlər barədə ətraflı məlumat verilmişdir.
İclas çərçivəsində 42 ölkə arasında püşkatma mərasimi keçirilmişdır. Püşkatma nəticəsində mayın 22-də və 24-dəki yarımfinallardakı ölkələrin, o cümlədən mayın 26-da birbaşa final mərhələsində təmsil olunacaq 6 ölkənin çıxış ardıcıllığı müəyyən olunmuşdur.
Yan Ola Sand vurğulamışdır ki, biz Bakıda möhtəşəm bir “Eurovision” şousunin şahidi olacağıq.
Tədbir əyləncəli musiqi proqramı ilə davam etdirilmişdir.