13 fevral 2012

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adına layiq görülüb

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Rusiya Federasiyasının dünyaşöhrətli İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adına layiq görülmüşdür.


İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, Rusiya Tibb Elmləri Akademiyasının müxbir üzvü, tibb elmləri doktoru, professor Pyotr Qlıboçkonun bu barədə məktubunda deyilir: “İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rəhbərliyi Azərbaycanın birinci xanımı Mehriban Arif qızı Əliyevanın xüsusi xidmətlərinin etirafı əlaməti və onun səhiyyə, ətraf mühitin, sülhün və humanizmin qorunması ilə bağlı qlobal problemlərin həllinə sanballı töhfəsinə görə ona İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adı verilməsi haqqında qərar qəbul etmişdir. Xanım Əliyevanın xeyriyyəçilik fəaliyyəti Rusiya Federasiyasında yüksək qiymətləndirilir. Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı ilə birlikdə bir sıra mühüm layihələr, o cümlədən “Xərçəng xəstəliyinin milləti yoxdur”, “Gənclər QİÇS-in və narkomaniyanın əleyhinədir”, “Sağlam olmağını yəqin et” kimi layihələr, habelə xəstəxanalarda, uşaq evlərində və veteranlar üçün evlərdə digər xeyriyyə aksiyaları həyata keçirir. Xanım Əliyevanın ana və uşaqların mühafizəsinə, talassemiya, uşaq diabeti və digər xəstəliklərə qarşı mübarizəyə yönəlmiş həyati əhəmiyyətli proqramlarda iştirakı olduqca qiymətlidir. Bizim üçün xüsusilə əhəmiyyətli və xoşdur ki, ali məktəbimizin məzunu olan xanım Mehriban Arif qızı Əliyeva öz fəaliyyəti ilə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetini beynəlxalq miqyasda tanıdır və onun nüfuzunu artırır”.


Qeyd edək ki, tibb aləmində böyük nüfuz sahibi olan alim və ictimai xadim məzunları ilə beynəlxalq miqyasda tanınan İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adına bu vaxtadək yalnız iki nəfər - dünya şöhrətli kardioloq, Rusiya Elmlər Akademiyasının akademiki Yevgeni Çazov və dünya şöhrətli ürək cərrahı Rusiya Elmlər Akademiyasının akademiki Leo Bokeriya layiq görülmüşlər.