Martın 14-də Moskvadakı İqor Butmanın Caz Klubunda Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyi və Azərbaycanın Rusiyadakı səfirliyinin təşkilatçılığı ilə görkəmli Azərbaycan caz bəstəkarı və ifaçısı Vaqif Mustafazadənin xatirə gecəsi keçirilib.
Tədbiri açan Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinin ictimaiyyət və KİV-lə əlaqə şöbəsinin rəhbəri Tamilla Əhmədova martın 16-nın Vaqif Mustafazadənin doğum günü olduğunu xatırladıb. O, bu cür xatirə gecələrinin ənənəvi olacağına ümid etdiyini söyləyib.
Rusiyanın Xalq Artisti Anatoli Kroll Vaqif Mustafazadənin əsərlərinin Azərbaycan cazının yeni, təkrarsız istiqamətdə inkişafına təkan verdiyini, onun Azərbaycan muğamı əsasında caz sənətində tamamilə fərqli cərəyan yaratdığını, muğam əsasında bütöv bir caz cərəyanının təməlini qoyduğunu bildirib.
Rusiyanın tanınmış jurnalisti Yelena Hanqa da Vaqif Mustafazadənin yaradıcılığından danışıb.
Gecədə “Elçin Şirinov Trio”, tanınmış caz vokalçısı Eteri Beriaşvili, məşhur caz ifaçıları Arzu Hüseynov, Vaqif Sadıxov, Mixail Okun, Sergey Baulin, Vladimir Koltsov-Krutov və başqaları Vaqif Mustafazadənin əsərlərini səsləndiriblər.
Xatirə gecəsində Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinin, Azərbaycanın Rusiyadakı səfirliyinin, Ümumrusiya Azərbaycan Konqresinin təmsilçiləri, Rusiyanın tanınmış musiqiçiləri və ictimai xadimləri iştirak ediblər.