14.jpg
3 aprel 2014

Moskvada “Azərbaycan – tolerantlıq məkanı” sərgisi açılıb

Aprelin 3-də Moskvadakı Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində Heydər Əliyev Fondunun, Azərbaycanın Rusiyadakı səfirliyinin, Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan – tolerantlıq məkanı” sərgisi açılıb.

 

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın tanınmış siyasi və mədəniyyət xadimləri, Azərbaycan səfirliyinin və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, Ümumrusiya Azərbaycan Konqresinin nümayəndələri iştirak ediblər.

 

Açılış mərasimində çıxış edən Yəhudi İcmaları Federasiyasının prezidenti, Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzinin baş direktoru Aleksandr Boroda Azərbaycanın tarixən bütün millətlərin nümayəndələri üçün qonaqpərvər ev olduğunu bildirdi, yəhudi icmasının da Azərbaycanda bütün xalqlarla sülh şəraitində yaşadığını və yaşamağa davam etdiyini söylədi.

 

Daha sonra Leyla Əliyeva mərasimdə çıxış etdi.

 

Sərgidə nümayiş olunan fotoşəkillərin müəllifi, dünya şöhrətli fotoqraf, mənşəcə azərbaycanlı olan Reza Deqati bu təşəbbüsü dəstəklədiyinə görə Heydər Əliyev Fonduna və şəxsən Fondun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlığını bildirdi. O, Azərbaycanda şahidi olduğu dözümlülük mühitinin dünyada ən nadir modellərdən biri olduğunu söylədi.

 

Sonra qonaqlar sərgi ilə tanış oldular.

 

Sərgidə Reza Deqatinin 26 foto əsəri nümayiş olunur. Fotolar əsrlər boyu Azərbaycan torpağında dinc yanaşı yaşamış müsəlman, xristian və yəhudi icmalarının həyatından bəhs edir.

 

Sərgi aprelin 13-dək davam edəcək.


FOTO

VİDEO