Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşdırılacaq Bakı haqqında kinolayihənin hazırlıq işlərinə başlanılmışdır.
Hazırda çəkilişlərin aparılacağı məkanlar seçilir və həmin yerlərə baxış keçirilir. Bakı haqqında çəkiləcək bədii filmin baş rejissoru rusiyalı rejissor Yeqor Kançolovskidir. Bədii filmə cəlb olunan rejissorlar artıq müəyyən edilmişdir.
Film üzərində Azərbaycan, Rusiya, Fransa, Böyük Britaniya və digər ölkələrdən olan 10 rejissor işləyəcəkdir. Azərbaycandan 3 rejissorun – İlqar Safat, Samir Kərimoğlu və Yavər Rzayevin layihədə iştirakı artıq bəllidir. Hər rejissor Bakı haqqında 10 dəqiqəlik qısa novellalar çəkəcəkdir.
Beynəlmiləl layihə müxtəlif dillərdə çəkiləcək və sonda bir dilə dublyaj ediləcəkdir. Filmin hansı dildə tamaşaçıya təqdim ediləcəyi hələlik məlum deyil. Bakı haqqında çəkiləcək bədii filmin adı da müəyyən edilməmişdir. Artıq bütün dünyada həyata keçirilmiş analoji layihələr “Paris, mən səni sevirəm” “Nyu-York, mən səni sevirəm” və “Moskva, mən səni sevirəm” adlandırıldığından Bakı haqqında çəkiləcək filmə də “Bakı, mən səni sevirəm” adı verilə bilər.
Layihənin baş prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri Nadir Moçanovdur. Layihənin 2013-cü ilin əvvəllərində reallaşdırılması nəzərdə tutulmuşdur.
“Narimanfilm” kinostudiyasından bildirmişlər ki, azərbaycanlı rejissor İlqar Safatın paytaxtımızla bağlı ekranlaşdıracağı filmin çəkilişlərinə martın 10-da başlanacaqdır.