9 fevral 2012

Vatikanın məxfi arxivindən Bakıya gətirilən sənədlərin tərcüməsinə başlanılıb

Ötən il dekabrın 7-də Vatikanın məxfi arxivindən Bakıya gətirilən sənədlərin tərcüməsinə başlanılmışdır.


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun tərcümə və informasiya şöbəsinin müdiri Fərid Ələkbərli bildirmişdir ki, sənədlərin tərcümə olunması ilə bağlı siyahı müəyyənləşdirilmişdir. Sənədlər həmin siyahıya uyğun olaraq ardıcıl şəkildə tərcümə ediləcəkdir. İlkin olaraq latın dilində olan sənədlərin tərcüməsinə başlanılmışdır. Bu sənədlər XV-XVI əsrlərə, Səfəvilər dövlətinə aiddir. Tərcümə xeyli vaxt aparacaqdır. Bunlar qədim sənədlərdir və çox keyfiyyətli tərcüməsinə ehtiyac vardır.


F.Ələkbərli demişdir ki, bunlarla yanaşı, Vatikan arxivində Azərbaycana aid sənədlərin bərpası prosesi də davam etdirilir. Heydər Əliyev Fondu tərəfindən maliyyələşdirilən bərpa prosesini Vatikanın yerli mütəxəssisləri aparırlar. Artıq bərpaya təqdim edilən 40 əlyazmanın yarısı bərpa olunmuşdur. Vatikan arxivində Azərbaycanla bağlı araşdırmalar davam edəcəkdir. Lakin hələlik araşdırmaların nə zaman başlayacağı və konkret hansı dövrləri əhatə edəcəyi ilə bağlı təfərrüatlar məlum deyildir.


Qeyd edək ki, Vatikanın məxfi arxivindən Azərbaycana aid tapılan sənədlər ümumilikdə 1000 səhifə həcmindədir. Bu sənədlər Elxanilər, Atabəylər, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər və Qacarlar dövlətlərinin hökmdarlarının Vatikana məktubları və onlara yazılmış cavablardır. Vatikandan sözügedən dövlətlərin hökmdarlarına məktublar və onlara yazılmış cavablar, müxtəlif missionerlərin Azərbaycandakı siyasi cərəyanlarla bağlı gizli hesabatları və sair sənədlər də arxiv materialları arasındadır.