1399915944.jpg
12 may 2014

Həştərxanda Heydər Əliyev Fondunun yaranmasının 10 illiyi münasibəti ilə tədbir keçirilib

Heydər Əliyev Fondunun yaranmasının 10 illiyi ilə bağlı mayın 12-də Həştərxanda təntənəli tədbir keçirilib.

 

Həştərxan Dövlət Filarmoniyasında Fondun ötən dövrdə Bakı ilə yanaşı, Azərbaycanın regionlarında gördüyü işləri, həmçinin Həştərxanda həyata keçirdiyi layihələri əks etdirən fotosərgi nümayiş etdirilib.

 

Vilayətin qubernatoru Aleksandr Jilkin Heydər Əliyev Fondunun Həştərxanda həyata keçirdiyi layihələrdən danışıb, Fondunun gördüyü işlərin artıq bütün dünyada yüksək qiymətləndirildiyini söyləyib.

 

Aleksandr Jilkin Azərbaycan Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və Fondun vitse-prezidenti Leyla Əliyevaya vilayətə göstərdikləri diqqətə, orada həyata keçirilən birgə layihələrə görə minnətdarlığını bildirib. Həştərxanda Azərbaycan diasporuna böyük rəğbətin olduğunu deyən qubernator hazırda Fondun dəstəyi ilə şəhərdə uşaq bağçasının inşa olunduğunu diqqətə çatdırıb.

 

Tədbirdə çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Rusiya-Azərbaycan münasibətlərindən söz açıb, Heydər Əliyev Fondunun fəaliyyətindən danışıb.

 

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Böyük Vətən müharibəsində qələbənin əldə olunmasının ildönümü münasibətilə təbriklərini tədbir iştirakçılarına çatdıran Fondun nümayəndəsi İlqar Mustafayev də Fondun ötən 10 ildə icra etdiyi layihələrdən, bu qurumun dəstəyi ilə keçirilən beynəlxalq tədbirlərdən danışıb. O, Heydər Əliyev Fondunun layihələrinin ümumilikdə dünya ictimaiyyəti tərəfindən müsbət qarşılandığını söyləyib.

 

Sonra 9 May Qələbə günü münasibətilə və Azərbaycan ilə Həştərxan vilayəti arasında əlaqələrin dərinləşməsindəki töhfələrinə görə bir neçə nəfərə Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunub.

 

Tədbir Azərbaycanın və Həştərxanın rəqs kollektivlərinin çıxışları, Azərbaycanın tanınmış incəsənət ustalarının ifaları ilə davam edib. Mərasim ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda təşkil edilmiş atəşfəşanlıqla yekunlaşıb.


FOTO

VİDEO