1401793821.jpg
3 iyun 2014

Heydər Əliyev Fondunun dəstəyi ilə Rumıniyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib

Heydər Əliyev Fondunun dəstəyi, “Hamının Evi” Assosiasiyasının təşkilatçılığı ilə Buxarestin mərkəzində yerləşən “Sehrli Teatrda” 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib.

 

Tədbirdə Buxarest meriyasının, Rumıniyada fəaliyyət göstərən QHT-lərin, Əmək, Sosial və Ailə Müdafiəsi Nazirliyinin, Heydər Əliyev Fondunun əməkdaşları, Buxarestdə fəaliyyət göstərən uşaq evlərinin, uşaq bağçalarının, fiziki və əqli qüsurlu uşaqların saxlanması üçün nəzərdə tutulmuş xüsusi rejimdə fəaliyyət göstərən təhsil müəssisələrinin şagirdləri və müəllimləri, uşaqların valideynləri iştirak ediblər. Mərasimə əlil və fiziki qüsurlu uşaqlar da daxil olmaqla 500-ə yaxın uşaq qatılıb.

 

Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İqbal Hacıyev Fondun Rumıniyadakı fəaliyyətindən danışıb, qurumun artıq 7 ildir Rumıniyada, ölkənin əksər bölgələrini əhatə edən humanitar və xeyriyyəçilik fəaliyyəti göstərdiyini söyləyib.

 

Sonda tədbirdə iştirak edən uşaqlara hədiyyələr təqdim olunub.

 

Təşkilatçılar tədbirin təşkilinə göstərilən dəstəyə, Rumıniyadakı humanitar və xeyriyyəçilik fəaliyyətinə görə Heydər Əliyev Fonduna, Fondun prezidenti Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.


FOTO