“Heydər Əliyev Fondunun Vatikanda həyata keçirdiyi layihələri və qurumun ümumbəşəri dəyərlərə verdiyi töhfələri yüksək qiymətləndiririk”.
Bu sözləri AzərTAc-a müsahibəsində Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının sədri, kardinal Can-Franko Ravazi deyib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə görüşlərindən məmnunluğunu dilə gətirən Can-Franko Ravazi bildirib ki, o, indiyədək keçirilən çoxsaylı görüşlərdə Mehriban Əliyevanın başqa dinlərə və mədəniyyətlərə necə həssas və hörmətlə yanaşdığının şahidi olub. Azərbaycan xalqına və dövlətinə böyük hörmət bəslədiyini qeyd edən Can-Franko Ravazi Azərbaycan-Vatikan əlaqələrinin dərinləşməsində Mehriban Əliyevanın müstəsna və tarixi xidmətlərinin olduğunu söyləyib.
“Azərbaycan-Vatikan əlaqələri artıq bizim üçün vacib bir reallıqdır. Azərbaycanın birinci xanımının Vatikana son səfəri dövlətlərarası münasibətləri daha da genişləndirəcək. Səfər zamanı müxtəlif səviyyəli görüşlər keçirilib. Mehriban Əliyevanın Papa ilə görüşü də çox böyük əhəmiyyət daşıyır. Səfərin ən vacib məqamlarından biri Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa edilən Müqəddəs Marçellinio və Pietro katakombalarının ziyarəti olub. Bir daha bildirmək istərdik ki, Fondun bu sahədə gördüyü işləri çox yüksək qiymətləndiririk və buna görə minnətdarlığımızı bildiririk. Heydər Əliyev Fondunun Vatikanda həyata keçirdiyi tədbirlər təkcə katakombaların bərpası ilə bitmir. Fond, eyni zamanda, Vatikan Apostol kitabxanasında olan Azərbaycana aid əlyazmaların bərpasına da töhfə verib. Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond tərəfindən dünya miqyasında uşaqlara, yaşlı və kasıb insanlara kömək göstərilməsi, müxtəlif humanitar layihələrin reallaşdırılması haqda məlumatımız var. Bir sözlə, Heydər Əliyev Fondu bir çox sahələrdə mühüm işlər görür. Azərbaycana səfərim zamanı bu ölkədə müxtəlif dinlərin, etnik qrupların, icmaların nümayəndələrinin bərabər hüquqlar əsasında, bir yerdə necə mehriban yaşamalarının şahidi oldum. Azərbaycanda müsəlman, xristian və yəhudilər sülh şəraitində yaşayırlar.
Azərbaycana ikinci dəfə bu yaxınlarda səfər etdim. Səfər çərçivəsində Bakı ilə yanaşı Azərbaycanın regionlarını da gəzdim, oradakı tarixi abidələrlə tanış oldum. Zənnimcə, Azərbaycanda xarici qonaqlara təqdim etmək üçün gözəl imkanlar var. Belə ki, bu ölkədə turistlərin marağına səbəb ola biləcək bir çox görməli yerlər, böyük həssaslıqla qorunub saxlanılan, müxtəlif mədəniyyətlərə aid tarixi abidələr var. Azərbaycanda dinindən, dilindən, irqindən asılı olmayaraq hər kəs böyük qonaqpərvərliklə qarşılanır, çox xoş münasibət görür. Buna görə də Azərbaycana olan səfərlərim mənim üçün xoş xatirədir”, - deyə kardinal Can-Franko Ravazi qeyd edib.