1.JPG
30 dekabr 2011

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Buta” sarayında uşaqlar üçün təşkil olunmuş Yeni il şənliyində iştirak edib

Heydər Əliyev Fondu hər il uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan, kimsəsiz və valideyn himayəsindən məhrum, təhsildə xüsusilə fərqlənən uşaqlar üçün Yeni il şənlikləri keçirir.

 

Dekabrın 30-da Fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və nəvələri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Buta” sarayında təşkil olunmuş növbəti bayram şənliyində iştirak etmişlər.

 

Əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin müxtəlif illərdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarında uşaqlarla bir yerdə olmasından və onlara qayğısından bəhs edən film göstərildi.

 

Şaxta babanın al-əlvan bəzədilmiş möhtəşəm saraya gəlişi uşaqların gurultulu alqışları ilə qarşılandı. Şaxta baba və uşaqlar birlikdə yolkanın işıqlarını yandırdılar.

 

Tədbirdə uşaqları şənləndirmək üçün aktyorlar bütün istedad və bacarıqlarını göstərdilər, balacaların rəqs və səhnəcikləri maraqla müşayiət olundu. Salona toplaşmış uşaqların çöhrələrində bu gözəl bayram şənliyini onlara bəxş edən Heydər Əliyev Fonduna, onun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıq hissləri aydın sezilirdi.

 

Respublikamızın tanınmış estrada müğənniləri, məktəblilərin özfəaliyyət kollektivləri, rəqs qrupları, gənc istedadlar oynaq, şux mahnıları, rəqsləri ilə bayram şənliyini daha da rövnəqləndirirdilər.

 

Rəqqaslara qoşulan, al-əlvan yolka ətrafında yallı gedən, məharətlərini göstərən, özlərini möcüzələr aləmində hiss edən uşaqların sevinci hədsiz idi.

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və oğulları tədbirdə iştirak edən uşaqlarla yolkanın ətrafında şəkillər çəkdirdilər.

 

Mehriban Əliyeva bayram şənliyində çıxış edib.

 

Uşaqlar onlara göstərdiyi diqqət və qayğıya, bu istiqamətdə nəcib və xeyirxah fəaliyyətinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkür etdilər.

 

Balacalar Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə xatirə şəkli çəkdirdilər.

 

Şənlikdə iştirak edən hər bir uşağa Heydər Əliyev Fondunun bayram sovqatı, Yeni İlin rəmzi olan oyuncaq əjdahalar hədiyyə olundu.

 

Yeni il şənliyi bu dəfə də uşaqların qəlbində silinməz xatirəyə çevrildi. Fondun Yeni il şənliklərində ümumilikdə 2 minə yaxın uşaq iştirak etmişdir.

 

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın tövsiyəsi ilə uşaqların təhlükəsizliyi üçün bütün tədbirlər görülmüş, onların “Buta” sarayına gəlib-getməsi üçün rahat avtobuslar ayrılmışdır.


FOTO