143275142196222120_750x500.jpg
27 may 2015

Heydər Əliyev Fondu Bolqarıstanın tarixi mədəniyyət abidəsini bərpa edəcək

Heydər Əliyev Fondu Bolqarıstanın Veliko-Tırnovo şəhərindəki “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpası işlərini həyata keçirəcək. Bununla əlaqədar mayın 27-də Sofiyada “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun konservasiya və bərpası, texniki infrastrukturunun inşası və təmiri haqqında” saziş imzalanıb.

 

Bolqarıstana səfər edən Azərbaycanın Baş nazirinin müavini Elçin Əfəndiyev, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Veliko-Tırnovo şəhərində olub, şəhər bələdiyyəsinin meri Daniel Dimitrov ilə görüşüb. Mer qonaqlara “Trapezitsa” Memarlıq Muzeyi Qoruğu və burada təmir-bərpa işlərinə ehtiyacı olan tarixi mədəniyyət abidələri haqda məlumat verib.

 

Abidənin bolqar xalqının zəngin mənəvi dəyərlərindən biri olduğunu deyən Daniel Dimitrov belə mədəniyyət qoruğunun Heydər Əliyev Fondu tərəfindən bərpa və təmir edilməsi təşəbbüsünü yüksək qiymətləndirib və buna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.

 

Son illər Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə istər Azərbaycanda, istərsə də dünyanın bir çox ölkələrində qədim mədəniyyət abidələrinin bərpa edildiyini diqqətə çatdıran Fondun icraçı direktoru Anar Ələkbərov isə Bolqarıstan tarixinin bir parçası olan “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun Azərbaycan tərəfindən yenidən qurulmasının ölkələrimiz arasındakı mədəni əlaqələrin inkişafına xüsusi təkan verəcəyini deyib. A.Ələkbərov son illər Azərbaycanda dini məbədgahların, mədəniyyət ocaqlarının tikintisinə və bərpasına xüsusi diqqət yetirildiyini bildirib, Heydər Əliyev Fondunun Avropanın ən məşhur abidələrindən biri olan “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpa olunması tarixinə imza atmasının əhəmiyyətindən danışıb. İcraçı direktor bu layihənin Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xüsusi diqqət mərkəzində olduğunu vurğulayıb.

 

Görüşdə Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristova da çıxış edib.

 

Tədbir bolqar xalqının qədim adət-ənənələrini özündə əks etdirən bədii proqramla başa çatıb.

 

Sonra paytaxt Sofiya şəhərinin Hökumət Evində Bolqarıstanın Baş naziri Boyko Borisov və Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyevin iştirakı ilə Heydər Əliyev Fondu, Veliko-Tırnovo şəhər bələdiyyəsi, Bolqarıstanın Mədəniyyət Nazirliyi, Bolqarıstanın Azərbaycandakı səfirliyi və Azərbaycanın Bolqarıstandakı səfirliyi arasında tarixi abidənin bərpasına dair saziş imzalanıb.

 

İmzalanma mərasimində çıxış edən Baş nazir Boyko Borisov Azərbaycan-Bolqarıstan əlaqələrindən danışıb, Heydər Əliyev Fondunun Bolqarıstanın ən qədim mədəniyyət abidəsi sayılan “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpasını və yenidən qurulmasını öz üzərinə götürməsinin iki xalq arasında dostluq əlaqələrinin inkişafına təkan verəcəyini vurğulayıb. B.Borisov bu təşəbbüsə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.

 

Mərasimdə Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev və Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov da çıxış ediblər. Onlar Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunacaq qədim mədəniyyət abidəsinin Azərbaycan və Bolqarıstan dostluğunun inkişafına xidmət edəcəyini bildiriblər.

 

Sazişə əsasən Heydər Əliyev Fondu tarixi abidədə 150 metr uzunluğunda qərb divarının konservasiyası və bərpasını, 700 metr uzunluğunda turist xiyabanının inşasını, mədəniyyət mərkəzinin yaradılmasını və təchiz olunmasını, ərazidəki 3 kilsənin təmiri və konservasiyasını, qoruğa gələn qonaqlar üçün nəqliyyat infrastrukturunun yaradılmasını həyata keçirəcək. Bərpa və konservasiya işlərinin 2015-ci ilin sonuna qədər tamamlanması nəzərdə tutulub.


FOTO