img_25804_slide2.jpg
23 sentyabr 2015

Prezident İlham Əliyevin sədrliyi ilə IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin birinci iclası olub

Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin birinci iclası keçirilib.


Dövlət başçısı iclası giriş nitqi ilə açıb.


Prezident İlham Əliyev 2017-ci ildə Bakıda IV İslam Həmrəylik Oyunlarının keçiriləcəyini bildirərək bu Oyunların həm dünya, həm İslam aləmi üçün əhəmiyyətini qeyd edib. İslam Həmrəylik Oyunlarının Azərbaycanı bir daha dünyada böyük nüfuza malik ölkə kimi nümayiş etdirəcəyini deyən dövlətimizin başçısı bu idman tədbirinin yüksək səviyyədə keçirilməsi üçün Azərbaycanın əlindən gələni edəcəyini vurğulayıb. Bir neçə gün əvvəl Oyunların Təşkilat Komitəsinin yaradılması ilə bağlı Sərəncam imzaladığını deyən Prezident İlham Əliyev komitəyə rəhbərliyin Mehriban Əliyevaya həvalə olunduğunu bildirib. Prezident qeyd edib ki, Mehriban Əliyeva həm “Eurovision”, həm birinci Avropa Oyunları ilə bağlı yaradılan Təşkilat komitələrinə rəhbərlik edib və bu tədbirlər yüksək səviyyədə keçirilib. Xüsusilə, birinci Avropa Oyunlarının nəticələrini qeyd edən dövlətimizin başçısı bu yarışların standartlarının Azərbaycanda müəyyən olunduğunu vurğulayıb.


“Azərbaycan bütün dünyaya göstərdi ki, ölkəmiz sürətli inkişaf dövrünü yaşayır”, - deyən Prezident İlham Əliyev Oyunlar ərəfəsində ölkəmizə qarşı çirkin kampaniyanın aparıldığını, bəzi xarici dairələrin Azərbaycanı ləkələmək üçün böhtan dolu uydurma informasiyalar yaydığını xatırladıb, bunun təsadüfi olmadığını, məqsədyönlü xarakter daşıdığını qeyd edib. Dövlətimizin başçısı bu səylərin boşa çıxdığını deyərək bildirib ki, qonaqlar Azərbaycanın reallıqlarını öz gözləri ilə gördülər, ölkəmizin multikulturalizm mərkəzi, Bakının isə dünyanın ən gözəl şəhərlərindən biri olmasının, könüllülərin öz vətəni ilə fəxr etdiklərinin, Azərbaycan idmançılarının peşəkarlığının şahidi oldular. Prezident İlham Əliyev Azərbaycanın müstəqil siyasət apardığını və sürətlə inkişaf edən ölkə olduğunu bildirib, gələcəkdə belə bayramların daha çox olacağına əminliyini ifadə edib.


Prezident İlham Əliyev yaxın gələcəkdə ölkəmizdə dünyada böyük nüfuza malik “Formula-1” yarışının, Dünya Şahmat Olimpiadasının keçiriləcəyini, bu yarışların ölkəmizdə təşkilinin Azərbaycanın dünyada daha çox tanıdılmasına xidmət edəcəyini diqqətə çatdırıb.


Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva iclasda çıxış edib.


Sonra gənclər və idman naziri, Təşkilat Komitəsinin üzvü Azad Rəhimov çıxış edib.


Çıxışlar bitdikdən sonra Prezident İlham Əliyev yekun nitqi söyləyib.


FOTO

Paylaş: