01.JPG
14 mart 2018

“Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı başa çatıb

Martın 14-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalına yekun vurulub.

 

Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyasının birgə dəstəyi ilə reallaşan və bir həftə davam edən festivala 15-dən çox ölkə qatılıb.

 

Festivalın bədii rəhbəri, Xalq artisti, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə tədbirdə çıxış edib.

 

Sonra beynəlxalq muğam müsabiqəsinin qalibləri mükafatlandırılıb.

 

Solo-muğam ifaçılığı üzrə azərbaycanlı xanəndə Elsevər Muradov və özbəkistanlı ifaçı İlyos Arabov birinci yerə layiq görülüblər. Tacıkıstan təmsilçisi Sardor Soliyev və azərbaycanlı Pərviz Qasımov ikinci yeri tutublar.

 

İnstrumental muğam ifaçılığı üzrə isə Azərbaycan musiqiçisi Nurlan Cəbizadə birinci, Aria Mohafez (İran) və Elnur Mikayılov (Azərbaycan) ikinci, Otajon Akramov və Azamat Ergaşev (Özbəkistan) üçüncü yerlərə layiq görülüblər.

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, festivalın bədii rəhbəri Firəngiz Əlizadə və beynəlxalq muğam müsabiqəsinin münsiflər heyətinin sədri, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi qaliblərə diplom və pul mükafatı təqdim ediblər.

 

Müsabiqədə iştirak edən İsrail ifaçısı Noam Dayan, Misir təmsilçisi Omer Abdo və Azərbaycan musiqiçisi Arifə İmanovaya Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi mükafatlar verilib.

 

Bütün qalibləri təbrik edən Əbülfəs Qarayev artıq ənənəyə çevrilən bu festivalın keçirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib. Qeyd edib ki, münsiflər tərəfindən seçilən ən layiqlilər muğam sənətinin daha böyük coğrafiyada təbliğinə öz töhfələrini verəcəklər.

 

Nazir deyib: “Bu festival artıq 3 ildən bir keçiriləcək və biz indidən növbəti festivala hazırlaşmalıyıq”.

 

Sonra bədii rəhbər və baş dirijor Ağaverdi Paşayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və muğam müsabiqəsinin qalibləri çıxış ediblər.

 

Bağlanış mərasimində Azərbaycan və Qazaxıstan musiqiçilərinin Novruz hədiyyəsi kimi təqdim etdikləri “Sarı gəlin” xalq mahnısı gecəyə xüsusi rəng qatıb.


FOTO

Paylaş: