15.jpg
17 may 2018

Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadasının qalibləri mükafatlandırılıb

Mayın 17-də "Azlntelecom" Məhdud Məsuliyyətli Cəmiyyətində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə "Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası"nın qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

 

Əvvəlcə Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Zaonun 17 may - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü ilə bağlı videotəbriki nümayiş olunub.

 

Mükafatlandırılma mərasimində iştirak edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə qalibləri təbrik edib, onlara uğurlar arzulayıb.

 

Mükafatlandırılma mərasimində Heydər Əliyev Fondunun, Təhsil Nazirliyinin, Bakı Mühəndislik Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun, Bakı Dövlət Universitetinin, “BestComp Group” şirkətinin, “Nar” operatorunun nümayəndələri, tələbələr və komanda rəhbərləri iştirak ediblər.

 

"Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası" iki mərhələdə keçirilib.

 

Olimpiadanın aprelin 29-da Bakı Mühəndislik Universitetində keçirilmiş birinci mərhələsində respublikanın 25 ali təhsil müəssisəsindən 62 komanda, ikinci (final) mərhələsində isə respublika üzrə 14 ali təhsil müəssisəsinin ən yaxşı nəticə göstərən 14 komandası iştirak edib.

 

Olimpiadada I yerə Bakı Mühəndislik Universiteti, II yerə ADA Universiteti, III yerə Bakı Dövlət Universiteti, IV yerə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası layiq görülüb.

 

Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı isə Fərqlənmə Sertifikatı ilə təltif olunublar.

 

Tədbirdə qaliblər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Fəxri Fərman və Diplomları, eləcə də olimpiadanın sponsorları “NAR” operatoru və “BestComp Group” şirkəti tərəfindən mükafatlandırılıblar.


FOTO