012.JPG
5 noyabr 2018

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər

Noyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.

 

Məlumat verilib ki, Ağdam Muğam Mərkəzinin inşasına 2016-cı ilin oktyabrında başlanılıb. İnşaat işləri bu ilin sentyabrında başa çatdırılıb. Muğam Mərkəzinin ərazisi 7782 kvadratmetr, tikintialtı sahəsi isə 1800 kvadratmetrdir. İkimərtəbəli bina yüksək zövqlə müasir səviyyədə inşa olunub. Burada qrim, gözləmə, texniki, inzibati, yardımçı və digər otaqlar yaradılıb. Mərkəzdə musiqi alətlərinin təmiri emalatxanası da fəaliyyət göstərəcək. Bu mərkəzin konsert zalı da müasirliyi ilə seçilir. Buradakı 328 yerlik konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam gecələri keçirmək üçün hərtərəfli şərait var. Mərkəzdəki sinif otaqlarında muğamın sirlərinə yiyələnmək üçün bütün imkanlar mövcuddur.

 

Qeyd edilib ki, Ağdam Muğam Mərkəzi konsert müəssisəsi qismində fəaliyyət göstərəcək.

 

Ağdam Muğam Mərkəzinin yerləşdiyi ərazi abadlaşdırılıb, 0,6 hektar sahədə istirahət parkı yaradılıb, yaşıllıq zolağı salınıb, gül kolları əkilib, işıqlandırma sistemi quraşdırılıb.

 

Muğam Mərkəzi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rayon ictimaiyyətinin nümayəndələri və Ağdam rayonundan olan incəsənət xadimləri ilə görüşüblər.

 

Dövlətimizin başçısı görüşdə çıxış edib.

 

Mehriban Əliyeva çıxış edərək dedi:

 

- Əziz dostlar, ilk növbədə, mənim fəaliyyətim haqqında dediyiniz sözlərə görə sizə dərin minnətdarlığımı bildirirəm. Əlbəttə, muğam sənəti haqqında çox danışmaq olar. Muğam nadir sənətdir və Azərbaycanın ən böyük sərvətlərindən biridir. Bu gün biz muğam sənətinin inkişafı üçün atılan addımlar haqqında danışdıq. Yəqin ki, siz xatırlayırsınız, Heydər Əliyev Fondunda biz ilk dəfə bərabər toplaşdıq və bu proqramları, gələcək planlarımızı birgə müzakirə etdik və sonra həyata keçirməyə başladıq. Mən sizin hər birinizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Çünki bütün bu nailiyyətlər bizim birgə fəaliyyətimiz nəticəsində mümkün olub. Biz doğrudan da vahid bir komanda kimi çalışırdıq və hər bir yeni ideyanı müzakirə edirdik, fikirləşirdik ki, müsabiqələri necə keçirək, növbəti addım hansı olsun. Bu gün qeyd etdiyimiz bütün bu addımlar yalnız və yalnız sizin dəstəyinizlə, iştirakınızla mümkün olub. Mən buna görə sizə dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun.

 

XXX

 

Xalq artistləri Arif Babayev, Mənsum İbrahimov, Aygün Bayramova və Ramiz Quliyev görüşdə çıxış ediblər.

 

Sonda xatirə şəkli çəkdirilib.


FOTO

VİDEO

Paylaş: