02.JPG
14 may 2019

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Çinin xarici işlər nazirinin müavini Lı Yunçen ilə görüşüb

Mayın 14-də Çin Xalq Respublikasında səfərdə olan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Pekində bu ölkənin xarici işlər nazirinin müavini Lı Yunçen ilə görüşüb.

 

Lı Yunçen iki ölkə arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, Çinin Azərbaycan ilə əməkdaşlığının daha da dərinləşməsi üçün səylərini davam etdirəcəyini bildirib. O, Azərbaycanın mədəni irsi ilə seçilən ölkə olduğunu vurğulayaraq, son dövrlər Çində Azərbaycan mədəniyyəti ilə bağlı müxtəlif tədbirlərin keçirildiyini qeyd edib. Bildirib ki, bu cür tədbirlər xalqlarımız arasında dostluq münasibətlərinin dərinləşməsinə böyük töhfələr verir.

 

Nazir müavini Pekində keçirilən "Asiya sivilizasiyalar dialoqu" konfransında və konfrans çərçivəsində təşkil olunan tədbirlərdə Azərbaycanın fəal iştirakını məmnunluqla vurğulayıb.

 

Leyla Əliyeva ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsinin xalqlarımızın hələ tarixi İpək Yolu dövründən təməli qoyulan dostluq münasibətlərini daha da inkişaf etdirdiyini deyib.

 

Ötən ay Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə Pekində 2-ci "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumunda iştirakını yada salan Leyla Əliyeva diqqətə çatdırıb ki, ölkəmiz Çinin bu təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olmaqla yanaşı, bu layihə çərçivəsində iqtisadi, humanitar, mədəni sahələrdə əməkdaşlığı dərinləşdirməyə çalışır.

 

Leyla Əliyeva Azərbaycanda Çinə, onun mədəniyyətinə, dilinə, ənənəvi təbabətinə böyük maraq olduğunu deyib. Leyla Əliyeva Heydər Əliyev Fondunun həmin istiqamətlərdə Çin ilə əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu bildirib.


FOTO