8.1.jpg
30 avqust 2019

Şamaxıda I Azərbaycan Üzüm və Şərab Festivalının açılış mərasimi keçirilib

Avqustun 30-da Şamaxı rayonunun Meysəri kəndində I Azərbaycan Üzüm və Şərab Festivalının açılış mərasimi olub.

 

Festival Heydər Əliyev Fondunun dəstəyi, Kənd Təsərrüfatı Nazirliyi, Şamaxı Rayon İcra Hakimiyyəti, “Regional İnkişaf” İctimai Birliyi, Dövlət Turizm Agentliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə keçirilir. Layihənin məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda şərab istehsalı tarixinin geniş ictimaiyyətə çatdırılmasıdır.

 

Qonaqları şərabçılıqla bağlı al-əlvan geyimli müxtəlif personajlar qarşılayıblar.

 

“Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksi ərazisində təşkil olunan festivalın açılış mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Kənd Təsərrüfatı naziri İnam Kərimov və Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov çıxış ediblər.

 

Festivalın açılış mərasimindən sonra təşkil olunan konsertdə tanınmış müğənnilərin, rəqs qruplarının çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. “Natiq” ritm qrupu, “Mirvari” rəqs qrupu, Xalq artistləri Aygün Kazımova və Samir Cəfərovun ifalarında festival üçün hazırlanmış repertuar təqdim olunub.

 

Sonra şərab sərgisi açılıb. Şərab istehsalçıları öz müəssisələri barədə təqdimatlarla çıxış edib, məhsullarının dequstasiyasını keçiriblər. Şərab istehsalçılarının paradı təşkil olunub. Ərazidə Azərbaycanın kənd təsərrüfatı məhsullarının yarmarkası da təşkil edilib.

 

Festivalın rəmzləri olan müxtəlif dekorasiyalar və instalyasiyalarla bəzədilən ərazidə yerli şərab istehsalçılarının dequstasiya pavilyonları, həmçinin qastronomik və etno zonalar fəaliyyət göstərir. Burada Azərbaycanın ayrı-ayrı bölgələrinə məxsus xalq sənəti növlərinə – misgərlik, xalçaçılıq, şəbəkə, dulusçuluq kimi müxtəlif sahələrə aid yaradıcılıq nümunələri, onların hazırlanması prosesi, milli mətbəx mədəniyyəti və musiqiləri təqdim edilir. Festivala ev sahibliyi edən Şamaxı xüsusi guşə ilə təmsil olunur.

 

Ərazidəki nəhəng butulkalar yerli şərab istehsalçılarının hər birinin məhsullarını təcəssüm etdirir. Bundan əlavə, şərab şüşəsi tədbirdə həm də yaradıcılıq obyekti kimi istifadə olunur – iştirakçılar butulkaları istədikləri tərzdə və rəngdə boyayır, yaradıcı fantaziyalarını reallaşdırırlar.

 

Festival çərçivəsində iştirakçılar və şərab istehsalçıları üçün oyun və viktorinalar keçirilir, qaliblərə hədiyyələr təqdim olunur.

 

Tədbirə ailəvi qatılan iştirakçıların övladları uşaq əyləncə zonasında vaxtlarını maraqlı keçirirlər. Burada onlar mini zooparkda heyvanlarla tanış olur, müxtəlif viktorina və ustad dərslərində iştirak edirlər.

 

“İnadkarın ram edilməsi” filmindən Adriano Çelentanonun rəqs səhnəsi üzümün ayaqla sıxılmasını – Avropada əvvəllər şərabın hazırlanma prosesini çoxlarının yaddaşına maraqlı və əyləncəli bir məşğuliyyət kimi yazıb. İştirakçılar festivalda bu zövqü də yaşaya biliblər.

 

Kompleks ərazisindəki göldə işıqların şousu nümayiş olunub, yelkənli qayıqda musiqi nümunələri ifa edilib.

 

Ərazidə festival günlərindən xatirələri əbədiləşdirmək üçün fotozona da yaradılıb.

 

Festival avqustun 31-də də davam edəcək.


FOTO