23.JPG
30 sentyabr 2019

“Daşın nəğməsi” IV Beynəlxalq heykəltəraşlıq simpoziumunda 11 heykəltəraşın sənət əsəri nümayiş olunur

“Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksində “Daşın nəğməsi” adlı IV Beynəlxalq heykəltəraşlıq simpoziumu çərçivəsində yaradılan əsərlər sentyabrın 30-da təqdim olunub.

 

Nəsimi-şeir, incəsənət və mənəviyyat Festivalına həsr olunmuş budəfəki simpoziumda yaradılan əsərlər 650 illik yubileyi qeyd olunan Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin yaradıcılığından bəhs edir.

 

Bu dəfə simpoziumda 8 ölkədən 11 heykəltəraş iştirak edir.

 

Rusiya, Rumıniya, Belarus, Çin, İran, Latviya, Bolqarıstan və Azərbaycandan olan heykəltəraşlar “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksi ərazisində aqlay daşından Nəsimi yaradıcılığına həsr olunan əsərlər yaradıblar.

 

Simpoziumda ilk dəfə iştirak etdiyini deyən iranlı heykəltəraş Səid Əhmədi bildirib ki, o da digər həmkarları kimi simpoziuma Nəsimi yaradıcılığından bəhrələnərək ərsəyə gətirdiyi “Uçmaq üçün qanad” əsəri ilə qatılıb. “Biz bu əsərləri hazırlayarkən müəyyən müddət çəkir ki, onu tam ərsəyə gətirək. Ancaq bütün bu əziyyətlərin nəticəsinin yaxşı olduğunu düşünmək olar. Ümid edirəm ki, budəfəki simpoziumda nümayiş edilən sənət əsərləri maraqlı və yaddaqalan olacaq”.

 

Belaruslu heykəltəraş Aleksey Vrublevski vurğulayıb ki, o, Nəsimi yaradıcılığı ilə yaxından tanışdır. Şairin qəzəlləri onda xoş təəssürat yaradıb. Aleksey Vrublevski yaratdığı əsərdə daha çox şairin poeziyasından ilhamlandığını söyləyib. “Mən də bu tədbirə birinci dəfədir qatılıram. Nəsimi yaradıcılığı ilə tam vəhdət təşkil edən sənət əsəri – “Məndə sığar iki cahan” əsərinin meydana gəlməsinə çalışdım”.

 

Həmyerlimiz, azərbaycanlı heykəltəraş Fərman Qasımov deyib ki, simpoziuma fərqli və olduqca maraqlı “Təcəlli” əsəri ilə qatılıb: “Belə tədbirin hər il keçirilməsi olduqca əlamətdardır. Simpoziumda müxtəlif ölkələrdən olan sənətkarların bir araya gəlməsi, həm də sənət və təcrübə mübadiləsi deməkdir. Bunun digər müsbət cəhəti, həm də ondadır ki, xarici ölkədən olan sənətkarlar Nəsimi yaradıcılığına dərindən bələd olur. Bir sözlə, sənətin dili ilə şairin zəngin yaradıcılığını insanlara çatdırırlar. Hamıya uğurlar arzulayıram”.

 

Dünyanın bir çox ölkələrində belə möhtəşəm simpoziumlarda iştirak etdiyini deyən rusiyalı heykəltəraş Nikolay Karlıxanov hər ölkədə fərqli-fərqli əsərlərlə çıxış etdiyini qeyd edib. Digər həmkarları kimi budəfəki simpoziumun daha yaddaqalan və maraqlı olacağını söyləyib. Bildirib ki, Nəsimi yaradıcılığı onda “Emanasiya” adlı sənət əsəri yaratmağa sövq edib.

 

Simpoziuma “Böyük qayıdış” əsəri ilə qatılan həmyerlimiz Əhəd Məmmədov nümayiş edilən əsərlərin əhəmiyyətini vurğulayaraq, ziyarətçilər tərəfindən bəyəniləcəyi və Nəsimi festivalına töhfə olacağını söyləyib.

 


FOTO

Paylaş: