18.JPG
21 noyabr 2019

“Azərbaycan ailəsi-2019” film festivalının qalibləri mükafatlandırılıb

Noyabrın 21-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə “Azərbaycan ailəsi-2019” film festivalının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

 

Beynəlxalq Muğam Mərkəzində keçirilən tədbirdə əvvəlcə festivala təqdim olunmuş film və fotolardan ibarət videoçarx nümayiş etdirilib.

 

Məlumat verilib ki, 2009-cu ildən reallaşdırılan “Azərbaycan ailəsi” film festivalının məqsədi kinematoqrafiya və fotoqrafiya sənəti vasitəsilə ailə dəyərlərinin təbliği və qorunması, bu sahədəki problemlərin işıqlandırılması, gənclərdə yaradıcılıq qabiliyyətinin aşkarlanmasıdır. Artıq beşinci ildir ki, festival çərçivəsində “Həyatdan şəkilə” adlı fotomüsabiqə də keçirilir.

 

Festivala təqdim olunan işlər Azərbaycanın görkəmli elm və mədəniyyət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib və qaliblər müəyyənləşdirilib. Festivalda “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı tələbə filmi”, “Ən yaxşı sosial çarx”, “Sosial şəbəkədə ən çox bəyənilən film”, “Ən yaxşı fotoşəkil” nominasiyaları üzrə qaliblər mükafatlandırılıb. Eyni zamanda, festivalın məqsədinə və ideyasına uyğun olan filmlər də xüsusi mükafatlara layiq görülüb.

 

Sonda müxtəlif nominasiyalar üzrə “Azərbaycan ailəsi-2019” film festivalının və “Həyatdan şəkilə” fotomüsabiqəsinin qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim olunub.

 

Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün təşkilat komitəsinə 2 bədii film, 6 televiziya verilişi, 9 sənədli film, 14 tələbə filmi, 3 xarici film, 6 sosial çarx, vətənpərvərlik mövzusunda 7 film, “Həyatdan şəkilə” adlı foto müsabiqəyə isə 21 iştirakçı tərəfindən 78 fotoşəkil təqdim edilib.


FOTO

Paylaş: