1.jpg
23 noyabr 2019

Heydər Əliyev Fondunun dəstəyi ilə Pekində “Azərbaycan musiqi gecəsi” keçirilib

Heydər Əliyev Fondunun və Azərbaycanın Çindəki səfirliyinin təşkilatçılığı, Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının dəstəyi ilə Pekində “Azərbaycan musiqi gecəsi” adlı konsert proqramı təşkil edilib.

 

Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin xaricdə tanıdılması və təbliği istiqamətində həyata keçirdiyi tədbirlərdən olan konsertin tamaşaçıları arasında Çin Kommunist Partiyasının, Xarici İşlər Nazirliyinin, Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının rəhbər və məsul şəxsləri, Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Vladimir Norov, Türkiyə, Rusiya, Avstriya, Lüksemburq və başqa bir neçə ölkənin Pekindəki səfirləri, diplomatlar, elm adamları, Pekin ictimaiyyətinin nümayəndələri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar olublar.

 

Konsertdən əvvəl çıxış edən ölkəmizin Pekindəki səfiri Əkrəm Zeynallı bildirib ki, son illər Azərbaycan-Çin ikitərəfli münasibətləri bütün istiqamətlər üzrə yüksələn xətlə inkişaf edir.

 

İki ölkə arasında humanitar sahədə əməkdaşlığa toxunan səfir Ə.Zeynallı iki il əvvəl Heydər Əliyev Fondu ilə Xarici ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası arasında imzalanmış Anlaşma Memorandumu ilə əsası qoyulmuş əməkdaşlıqdan danışıb. Diqqətə çatdırılıb ki, həmin sənəd dost xalqlarımızın bir-birinə daha da yaxınlaşdırılması, mədəniyyətlərin qarşılıqlı tanıdılması məqsədilə müxtəlif tədbirlərin keçirilməsini də özündə ehtiva edir. Təsadüfi deyil ki, bu çərçivədə ötən ilin dekabrında Assosiasiyanın və Fondun birgə təşkilatçılığı ilə Pekində Azərbaycan-Çin dostluq konserti uğurla baş tutub. “Azərbaycan musiqi gecəsi” adlı konsert də bu xoş ənənənin davam etdirilməsi və Azərbaycan mədəniyyətinin Çində daha geniş təbliğ olunması işinə töhfə verir.

 

Bildirilib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Azərbaycan mədəniyyətinin xaricdə layiqincə təqdim və təbliğ edilməsində əvəzsiz rol oynayır.

 

Sonra səhnə Azərbaycan incəsənət ustalarının ixtiyarına verilib. Azərbaycanın tanınmış “Amarok” instrumental və “Talant” rəqs qruplarının ifalarında Azərbaycanın xalq və bəstəkar mahnıları, ecazkar milli rəqslərimiz təqdim olunub.

 

Tamaşaçılar Azərbaycan incəsənət ustalarının ifasını sürəkli alqışlarla qarşılayıblar.


FOTO

Paylaş: