01.JPG
4 dekabr 2019

Heydər Əliyev Fondunun dəstəyi ilə Çində ibtidai məktəbin idman sahəsi əsaslı təmir ediləcək

Çinin Yunnan əyalətinin Malipo qəsəbəsindəki 2 saylı ibtidai məktəbin idman sahəsi Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir ediləcək.

 

Layihənin təqdim edilməsi mərasimində çıxış edən Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı Azərbaycan və Çin arasında tarixən formalaşmış dostluq əlaqələrindən danışıb və bu gün ikitərəfli əlaqələrimizin bütün sahələrdə yüksələn xətlə inkişaf etdiyini söyləyib.

 

Azərbaycan Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasındaki səmimi dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlərin əməkdaşlığımızın bütün sahələrdə, o cümlədən humanitar sahədə genişlənməsini şərtləndirdiyini vurğulayan səfir bu xüsusda, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Çində həyata keçirdiyi layihələr barədə geniş məlumat verib.

 

Tədbirdə çıxış edən Çin Kommunist Partiyasının Malipo qəsəbəsi Partiya Komitəsinin katibi Lyo Yan Heydər Əliyev Fondunun bu nəcib təşəbbüsünə görə Malipo əhalisi adından minnətdarlığını bildirib, Malipo qəsəbəsinin Çinin Vyetnam ilə sərhədində yerləşdiyini və ölkənin ən yoxsul qəsəbələrindən biri hesab olunduğunu deyib. O, qəsəbədə 280 min nəfər əhalinin yaşadığını və sözügedən 2 saylı ibtidai məktəbdə 1500 şagirdin təhsil aldığını qeyd edərək, Çinin yoxsulluğun aradan qaldırılması üzrə dövlət proqramı çərçivəsində görülmüş işlərdən danışıb, Azərbaycanın dəstəyinin proqram çərçivəsində xüsusi əhəmiyyətli olduğunu bildirib və bunu Azərbaycan-Çin dostluğunun bariz nümunəsi kimi qiymətləndirib.

 

Sonda göstərilmiş dəstəyə görə Malipo qəsəbəsi Xalq Hökuməti və Malipo qəsəbəsi Partiya Komitəsi adından Heydər Əliyev Fonduna “İanə sertifikatı” təqdim edilib.


FOTO