1.JPG
24 mart 2020

Heydər Əliyev Fondu Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürdü və himayəsindəki müəssisələrə yardım etdi

Heydər Əliyev Fondu Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərə töhfə olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min manat vəsait köçürdüb.

 

Bununla yanaşı, Heydər Əliyev Fondu daim öz himayəsində saxladığı bir sıra müəssisələrə koronavirusla mübarizə sahəsində dəstək göstərib. Belə ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Fond tərəfindən Bakıda və regionlardakı körpələr və uşaq evlərinə, internat məktəblərinə, Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət Müəssisəsinə, Uşaq Psixonevroloji Mərkəzə, eləcə də Bakıdakı və regionlardakı psixonevroloji sosial xidmət müəssisələrinə koronavirusla mübarizə tədbirləri çərçivəsində dezinfeksiyaedici vasitələr, maskalar və digər qoruyucu vasitələrdən ibarət yardımlar ayrılıb, qeyd olunan müəssisələr dezinfeksiya edilib, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın mövcud qaydalarının, sosial təcrid rejiminin tətbiq olunması üçün zəruri təşkilati dəstək göstərilib.

 

Bununla yanaşı, virusa yoluxmada risk qrupuna daxil olan ahıl vətəndaşların məskunlaşdığı Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət Müəssisəsində xidməti personalın kənar mühitlə təmasını maksimum məhdudlaşdırmaq üçün Fondun təşkilatçılığı ilə uzunmüddətli növbəli sistem yaradılıb.

 

Xatırladaq ki, Heydər Əliyev Fondu tərəfindən buna qədər Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın işinə dəstək olaraq müxtəlif tibb müəssisələrinə maskalar, əlcəklər, qoruyucu eynəklər, tibbi geyimlər və dezinfeksiyaedici vasitələr verilib və bu istiqamətdə yardımlar davam edir. 


FOTO