Heydər Əliyev Fondu hər il olduğu kimi, bu dəfə də 9 May - Qələbə Günündə Böyük Vətən müharibəsi veteranları ilə birgə olub. Koronavirus pandemiyası ilə əlaqədar Qələbə Gününün 75-ci ildönümü təntənəli bayram tədbirləri ilə qeyd olunmadığından veteranlarımız bu il fərqli formatda təbrik edilib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, 1941-1945-ci illər Böyük Vətən müharibəsi veteranları evlərində ziyarət olunub.
9 May - Qələbə Günü münasibətilə təbrik edilən müharibə iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təltif olunduqları Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020) yubiley medalı təqdim edilib.
Bununla yanaşı, respublika üzrə 256 veteranın evində bayram süfrəsi qurulub, həmçinin onlara Heydər Əliyev Fondunun sovqatları çatdırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın veteranlarımızın qayğılarını daim diqqətdə saxladıqları qeyd olunub və böyük Qələbənin qazanılmasında hünər göstərən həmvətənlərimiz bir daha bayram münasibətilə təbrik edilib.