16523570512402116023_1000x669.jpg
12 may 2022

Səkkizinci “Muğam” Televiziya Müsabiqəsi başlayıb

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Televiziyası, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi ilə VIII “Muğam” Televiziya Müsabiqəsinə start verilib.

 

Müsabiqənin ilk açılış günündə böyük muğam şənliyinə tanınmış mədəniyyət və elm xadimlər, yaradıcı ziyalılar və gənclər qatılıblar.

 

Gecənin aparıcıları Mümtaz Xəlilzadə və Natəvan Osmanlı diqqətə çatdırıb ki, bu il 300-dən çox namizəd arasından 18 finalçı seçilib. Yarış həftədə iki dəfə - çərşənbə axşamı və cümə axşamları günləri AzTV ilə canlı yayımlanacaq. Müsabiqənin sonrakı mərhələlərini ölkənin regionlarında da keçirmək planlaşdırılır.

 

Tədbirdə 44 günlük Vətən müharibəsində şəhid olmuş Xudayar Yusifzadənin ifasında “Xudayar təsnifi” kimi tanınan Xalq artisti Əlibaba Məmmədovun bəstəsi olan “Vətən yaxşıdır” mahnısının videoçarxı nümayiş etdirilib.

 

Tamaşaçılar gecənin xüsusi qonaqlarını - 44 günlük Vətən müharibəsinin qəhrəmanlarını salamlayıblar.

 

Əvvəlcə Xalq artisti Mənsum İbrahimov və Əməkdar artist Babək Niftəliyevin ifasında qısa konsert proqramı təqdim edilib.

 

Müsabiqənin yarandığı gündən müsabiqənin münsiflər heyətində öz xeyir-duası və dəyərli tövsiyələri ilə gənclərə yol göstərən, bir neçə ay əvvəl dünyasını dəyişmiş görkəmli xanəndə Əlibaba Məmmədovun ümummilli lider Heydər Əliyevlə söhbətləri və ifasından ibarət kadrlar da tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

 

Münsiflər heyəti təqdim edildikdən sonra tarzən Rəşad İbrahimovun rəhbərlik etdiyi ansamblın müşayiəti ilə müsabiqə iştirakçıların ifaları dinlənildi. Münsiflərə korifey muğam ifaçısı, Xalq artisti Arif Babayev, Xalq artistləri Səkinə İsmayılova, Mələkxanım Eyyubova, Sərdar Fərəcov, Mənsum İbrahimov, Nəzakət Teymurova, Teyyub Aslanov, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi və Əməkdar artist Fərqanə Qasımova daxildir.

 

Muğam yarışmasının ilk günü 9 finalçı öz məharətini göstərib. Münsiflər heyəti hər bir çıxışı diqqətlə təhlil etdikdən sonra onları 10 ballıq sistem üzrə qiymətləndiriblər. Müsabiqənin respublikanın regionları da daxil olmaqla 15 həftə ərzində keçirilməsi planlaşdırılır.

 

UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş milli sərvətimiz olan muğam Azərbaycan xalq musiqisinin əsasını təşkil edir. Muğam hər bir azərbaycanlının həyatına, demək olar ki, beşikdən daxil olur, onu bütün həyat yolu ilə müşayiət edir. Bu, ruhları saflaşdıran, yüksəldən, əsrlər boyu müşayiət olunan, dərin qədim keçmişdən bu günə və gələcəyə körpü olan muğam fenomenidir. Xalqımızı muğamsız, muğamı Azərbaycansız təsəvvür etmək çətindir.

 

Qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyi ilə ilk “Muğam” Televiziya Müsabiqəsinə 2005-ci ildə keçirilib. Müsabiqə dahi bəstəkar Üzeyir Hacıbəyovun 120 illiyinə həsr edilmişdi.