1.1.jpg
4 noyabr 2022

Saatlıda 118 yaşlı məktəb üçün Heydər Əliyev Fondu tərəfindən yeni bina inşa olunub

Saatlı rayonunda Məhəmməd Əliyev adına Əlisoltanlı kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib.

 

Məktəb 1904-cü ildən 190 yerlik uyğunlaşdırılmış məktəb kimi fəaliyyət göstərir. Saatlı rayonunun ən qədim məktəblərindən olan Əlisoltanlı kənd tam orta məktəbinin binası sonuncu dəfə 1975-ci ildə təmir edilmişdi. Yüzdən çox yaşı olan məktəb binası istifadəyə yararsız vəziyyətdə olduğundan Heydər Əliyev Fondu “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 360 şagird yerlik yeni bina inşa edib. Məktəbdə fənn otaqları, biologiya, kimya üzrə kabinet və laboratoriyalar, informatika kabineti, hərbi otaq, əmək otağı, kitabxana və oxu zalı, idman və akt zalları, futbol və voleybol meydançaları yaradılıb, yeməkxana istifadəyə verilib, məktəbin həyətyanı sahəsi abadlaşdırılıb.

 

Məktəbin yeni binasının açılışında Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, Heydər Əliyev Fondunun nümayəndəsi Cəmil Əliyev, təhsil işçiləri, məktəb kollektivi və kənd sakinləri iştirak ediblər.

 

Çıxış edənlər Azərbaycan dövlətinin ölkəmizdə elmin və təhsilin inkişafına yüksək diqqət və qayğısından söz açıblar. Bildirilib ki, ötən dövrdə Heydər Əliyev Fondunun xətti ilə bir çox məktəb binası inşa olunub və ya əsaslı təmir edilib.

 

Bildirilib ki, son illərdə rayonun öndə gedən məktəblərindən biri məhz Əlisoltanlı kənd tam orta məktəbidir. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2013/2014-cü tədris ilində keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində qalib gələrək mükafatlandırılan təhsil ocaqları sırasında Saatlı rayonunun Əlisoltanlı kənd tam orta məktəbi də yer alıb. Məktəbin şagirdləri Respublika fənn olimpiadalarında və fənn müsabiqələrində dəfələrlə qalib gəliblər. Həmçinin şagirdlər dəfələrlə milli intellektual yarışlarda qalibiyyət əldə ediblər. Son 5 ildə məktəbin 90-dan çox şagirdi, 2021-2022-ci tədris ilində isə 33 məzunundan 22-si ali məktəblərə qəbul olub.

 

Məhəmməd Əliyev adına Əlisoltanlı kənd tam orta məktəbin direktoru Ramal Ələsgərov müsahibəsində bildirib ki, 1904-cü ildə fəaliyyətə başlayan məktəbin ötən dövrlərdə bir çox uğurları olub. “Milli intellektual yarışlarda səkkiz dəfə Azərbaycan çempionu adını qazanan şagirdlərimiz hazırda ölkənin bir çox ali təhsil ocaqlarında oxuyurlar. Məzunlarımız arasında Prezident təqaüdü alanlar da var. Onlar magistr təhsillərini xarici ölkələrdə davam etdirirlər. Yaradılan bu şəraitə görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya kollektiv adından dərin təşəkkürümüzü bildiririk”, - deyə direktor qeyd edib.

 

Məktəbin X sinif şagirdi Rəvanə Vəlizadə deyib: “Əvvəlki məktəbin şəraiti yaxşı deyildi və bu, tədris prosesinin lazımi səviyyədə həyata keçirilməsinə imkan vermirdi. Artıq yeni məktəb binası istifadəyə verilib. İndi yaradılan şərait bizim dərslərimizə də müsbət təsirini göstərəcək”.

 

Sonda məktəbdə yaradılan şəraitlə tanışlıq olub.


FOTO