23.jpg
9 fevral 2023

Heydər Əliyev Fondunun humanitar yardımı Türkiyənin zəlzələ bölgəsinə çatdırılıb

Fevralın 6-da Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədi ilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım göndərilib.

 

Bununla əlaqədar olaraq, faciədən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər çatdıran xüsusi təyyarə bu gün Türkiyəyə eniş edib. Türkiyəyə ezam edilən Fond əməkdaşları zəlzələ bölgəsində faciədən zərər çəkmiş vətəndaşlara humanitar yardım çatdırıb.

 

Bu gün zəlzələ bölgəsinə səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantep hava limanında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişi əsasında qardaş ölkəyə humanitar yardım aparan Fond əməkdaşları ilə görüşüb. Baş vermiş faciə ilə əlaqədar Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın başsağlığını çatdıran Fondun nümayəndəsi Elvin Aslanov bu günlərdə Azərbaycan xalqının, ölkənin bütün təşkilatlarının qardaş ölkə üçün zəruri yardımların göstərilməsi naminə səfərbər olduğunu bildirib. 

 

Azərbaycan dövləti və xalqının Türkiyədəki faciə ətrafında səfərbər olmasına görə təşəkkürini bildirən Rəcəb Tayyib Ərdoğan bildirib: “İlham qardaşıma, Mehriban bacıma öz adımdam, millətim adımdan çox təşəkkür edirəm!” Azərbaycanda xalqın zəlzələ qurbanları üçün humanitar yardıma qoşulmasından, göndəriləcək yardımlar barədə məlumatlı olduğunu deyən Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycanın yanında olduğu kimi, indi də belə çətin gündə Azərbaycanın Türkiyənin yanında olduğunu bildirib. “Öz adımdam, ailəm və xalqımız adından minnətdarlıqlarımı çatdırıram. Biz tək bu gün deyil, ölənədək birlikdə olacağıq. Bir millət, iki dövlət olaraq yola davam edəcəyik!”


FOTO