01 .jpg
9 may 2023

“Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayıb

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayıb. Festivalın proqramına uyğun olaraq səhər saatlarında tamaşaların, iştirakçı ölkələrin sənətkarlıq nümunələrinin və milli mətbəxinin təqdimatı olub.

 

“Qarabağ” otelinin qarşısında təşkil olunan tədbirdə altı Türk dövlətinin mətbəx və sənətkarlıq nümunələri sərgilənir.

 

Dövlət rəsmilərinin, respublikanın tanınmış mədəniyyət, incəsənət və elm xadimlərinin ziyarət etdikləri təqdimat hər kəsdə xoş təəssürat yaradıb.

 

Sonra Xan qızı Natəvanın evinin həyətində “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı çərçivəsində Şuşa Dövlət Musiqili Dram Teatrının hazırladığı “Dəli Domrul” tamaşasının premyerası olub. “Dəli Domrul” tamaşası Altay Məmmədovun “Kitabi–Dədə Qorqud” dastanının “Duxa Qoca oğlu Dəli Domrulun boyu” əsasında qələmə aldığı eyniadlı pyesi əsasında hazırlanıb. Meydan üslubunda səhnələşdirilmiş tamaşada dünyanın faniliyi, məhəbbətin ucalığı ön plana çəkilir. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, rəssamı Valeh Məmmədov, rejissor assistenti Zəhra Salayeva, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.

 

Qeyd edək ki, Festival günlərində müxtəlif məkanlarda “Bayraq”, “Qəhrəmanlıq”, “Qarabağ məclisi”, “Poeziya”, “Dədə Qorqud”, “Dərvişlər”, “Molla Nəsrəddin” mövzularında guşələr də yaradılıb. Bu guşələrdə müxtəlif bədii təqdimatlar, tamaşalar göstəriləcək.

 

Eləcə də Cıdır düzü, Üzeyir Hacıbəylinin heykəlinin qarşısı, Bülbülün ev-muzeyi və Şuşanın digər məkanlarında keçiriləcək tədbirlər çərçivəsində müxtəlif konsert proqramları, sərgilər və film nümayişləri olacaq.

 

Xatırladaq ki, Şuşa şəhəri 2023-cü ildə həm də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilib. Budəfəki “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında da TÜRKSOY-a daxil olan ölkələrin, regionun türkdilli ölkələrinin və xalqlarının yaradıcı kollektivləri iştirak edirlər.

 

Üç gün davam edəcək festivalda Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumu (Qaqauz Yeri), Özbəkistan, eləcə də Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikası, Rusiya Federasiyasının Altay, Xakasiya, Saxa (Yakutiya), Tatarıstan, Tıva respublikaları, Şimali Kipr Türk Cümhuriyyəti, Türkiyə, Türkmənistan təmsil olunur.


FOTO