02_SHUHS-NATAVAN OPERA.JPG
11 may 2023

“Natəvan” operası Şuşada ilk dəfə səsləndirilib

Şuşada ilk dəfə “Natəvan” operası təqdim edilib.

 

“Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının sonuncu günündə ilk yaşanıb və Cıdır düzü Vasif Adıgözəlovun “Natəvan” operasının sədalarına bürünüb.

 

Qeyd edək ki, Qarabağ xanının qızı, Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın həyat və yaradıcılığına, o dövrdə Qarabağda baş verən ictimai-siyasi hadisələrə həsr olunan opera Şuşada ilk dəfə nümayiş olunub.

 

Səhnədə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının artistləri yer alıb. Dirijor isə Xalq artisti, operanın müəllifinin oğlu Yalçın Adıgözəlov olub.

 

Operanın təqdimatından sonra Yalçın Adıgözəlov deyib: “Natəvan” operasının Şuşada səslənməsi tarixi bir hadisədir. Bu gün bəstəkarın da ruhu şaddır. Çünki opera ilk dəfə Vasif Adıgözəlovun doğulduğu şəhərdə səsləndi. Bakıda dəfələrlə bu operanı səsləndirsək də, bu gün Şuşada bu sənət əsəri başqa bur ovqat yaratdı. Bundan gözəl nə ola bilər. Biz bu anı 30 ildir gözləyirdik. Bizi qarşıda böyük zəfərlər gözləyir, inanıram ki, yeni əsərlər yaradılacaq və bu əsərlər Zəngəzurda, Xankəndində səslənəcək”.


FOTO