02.1.jpg
15 may 2023

Romada Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Əbədiyyət musiqisi” adlı konsert keçirilib

İtaliyanın paytaxtı Roma şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş “Əbədiyyət musiqisi” adlı konsert proqramı keçirilib.

 

Azərbaycanın İtaliyadakı səfirliyinin Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil etdiyi tədbir Kapitolini Muzeylərinin Pietro da Cortona zalında keçirilib.

 

Konsertdən əvvəl çıxış edən ölkəmizin İtaliyadakı səfiri Rəşad Aslanov xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin zəngin həyat yolu və fəaliyyətindən danışıb. Ümummilli Liderin Azərbaycan cəmiyyətinin rifahının təmin olunması istiqamətində əvəzsiz işlər gördüyü, xalqımızın Ulu Öndərin xüsusi xidmətlərini həmişə yüksək qiymətləndirdiyi və onun adını hər zaman qəlbində saxladığı vurğulanıb.

 

Səfir Ulu Öndərin Azərbaycan xalqının və dövlətinin maraqlarının təmin olunması istiqamətində misilsiz xidmətlər göstərdiyini, dahi şəxsiyyətin müstəsna liderlik bacarığına malik dövlət xadimi olduğunu və onun siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Qeyd edib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan olunub və bu məqsədlə Ulu Öndərin zəngin fəaliyyətinin geniş ictimaiyyətə çatdırılması üçün il ərzində İtaliyada müxtəlif tədbirlər keçiriləcək.

 

Ümummilli Liderin Azərbaycanın ilk prezidenti kimi 1997-ci ildə İtaliyaya rəsmi səfər etdiyi, həmin vaxt möhkəm təməllər üzərində qurulan Azərbaycan-İtaliya münasibətlərinin hazırda strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, İtaliyanın Avropada Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olduğu qeyd edilib.

 

Azərbaycan Dövlət Simli Kvartetinin, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Əməkdar artist Nərgiz Kərimovanın çıxış etdiyi konsertdə Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Tofiq Quliyevin, Rauf Hacıyevin, Xəyyam Mirzəzadənin, Soltan Hacıbəyovun və digər Azərbaycan bəstəkarlarının əsərləri ifa olunub.


FOTO