1.jpg
16 sentyabr 2023

Heydər Əliyev Fondu tərəfindən Yevlax rayonunun Xanabad kəndində inşa edilmiş məktəb binası istifadəyə verilib

Yevlax rayonunun Xanabad kəndində 1978-ci ildə inşa olunmuş tam orta məktəb köhnəldiyindən istifadəyə yararsız vəziyyətdə idi. Heydər Əliyev Fondu yeni tədris ilinə Xanabad kəndi üçün 360 şagird yerlik məktəb inşa edərək istifadəyə verib.

 

Məktəb binasının açılış mərasimində Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Elm və Təhsil Nazirliyinin şöbə müdiri Rəşad Xanlarov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, həmçinin məktəbin kollektivi, kənd sakinləri iştirak ediblər.

 

Təhsil ocağı ilə tanışlıq zamanı bildirilib ki, üçmərtəbəli, 4 korpusdan ibarət məktəb binasında 19 sinif otağı, fizika, kimya, biologiya kabinetləri, fənn laboratoriyaları, informatika, hərbi təlim, tibb, əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt zalı və açıq idman meydançası var. Zəruri mebel və avadanlıqlarla, əyani vəsaitlərlə təchiz edilən təhsil müəssisəsində müasir istilik və işıqlandırma sistemi də qurulub. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, dekorativ kol və ağaclar əkilib, müasir işıqlandırma sistemləri quraşdırılıb.

 

Qeyd edilib ki, kənddə belə bir tədris binasının istifadəyə verilməsi ölkə təhsilinə, o cümlədən Yevlaxda tədrisin keyfiyyətinin yüksəldilməsinə göstərilən qayğının bariz nümunəsidir. Məktəbin kollektivi Prezident İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.


FOTO