1.jpg
2 oktyabr 2023

Batumidə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş fotosərgi və konsert proqramı təqdim edilib

Oktyabrın 2-də Batumi Musiqi Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev 100: Firavanlığın memarı” adlı fotosərgi açılıb.

 

10-cu “Batumi Qara Dəniz Musiqi və İncəsənət Festivalı” çərçivəsində açılan sərgidə Ümummilli Lider, fenomen şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini, Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze və dünyanın tanınmış ictimai-siyasi, mədəniyyət və incəsənət xadimləri ilə görüşlərini əks etdirən fotolar, eləcə də böyük siyasi xadimə həsr olunmuş kitablar nümayiş etdirilib.

 

Sərgini ziyarət edənlər dünyamiqyaslı siyasi xadim, Ulu Öndər Heydər Əliyevin parlaq zəkası, onun təkcə Azərbaycan və Gürcüstan xalqlarının deyil, Cənubi Qafqazın və ümumilikdə Avropanın inkişafı naminə xidmətlərini qeyd ediblər.

 

XXX

 

Batumi Musiqi Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

 

Konsert Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə 10-cu “Batumi Qara Dəniz Musiqi və İncəsənət Festivalı” çərçivəsində reallaşıb.

 

Tamaşaçılar Azərbaycanın Əməkdar artisti Təyyar Bayramov və onun muğam qrupunun ifasında “Şur”, “Cahargah” muğam kompozisiyalarını, xalq mahnısı “Sarı Gəlin”, Cahangir Cahangirovun “Bana-bana gəl”, Əlibaba Məmmədovun “Min yaşasın”, Bəhram Nəsibovun “Qarabağ”, Rauf Hacıyevin “Azərbaycan” mahnılarını dinləyiblər.

 

Konsert proqramında Xalq artisti Salman Qəmbərov və onun rəhbərlik etdiyi “Bakustik Jazz” qrupunun, Əməkdar artistlər Nərgiz Əliyeva, Sahib Paşazadə və Ceyla Seyidovanın çıxışları böyük maraqla qarşılanıb.


FOTO