Albaniyanın paytaxtı Tirana şəhərində yerləşən “Mother Teresa” Universitet Xəstəxana Mərkəzində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yeni təchiz olunmuş pediatrik sedasiya otağının açılışı olub.
Bu humanitar təşəbbüs çərçivəsində Heydər Əliyev Fondu tərəfindən müasir anesteziya aparatı və sedasiya otağının tam təchiz edilməsi üçün zəruri avadanlıqlar təqdim edilib. Tibbi və cərrahi prosedurlar zamanı sedasiyaya ehtiyacı olan pasiyentlər üçün nəzərdə tutulan otağın yaradılması Albaniya dövlət xəstəxanasında pediatrik xidmətlərin keyfiyyətinin artırılmasına birtöhfədir.
Bu təşəbbüs Heydər Əliyev Fondunun uşaqların sağlamlığı və rifahına yönələn fəaliyyətinin, eləcə də Azərbaycan ilə tərəfdaş ölkələr arasında humanitar əlaqələrin möhkəmləndirilməsində fəal rolunun daha bir təsdiqidir.
Açılış tədbirində Azərbaycan Respublikasının Albaniya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Anar Hüseynov, “Mother Teresa” Universitet Xəstəxana Mərkəzinin direktoru və tibb müəssisəsinin kollektivi iştirak edib.
Səfir Anar Hüseynov Azərbaycan ilə Albaniya arasında münasibətlərin əhəmiyyətini vurğulayaraq bildirib ki, bu kimi təşəbbüslər iki ölkə arasında dostluq münasibətlərinin genişlənməsinə yönəlib.
“Mother Teresa” Universitet Xəstəxana Mərkəzinin direktoru və tibb heyəti Heydər Əliyev Fonduna təşəkkürünü ifadə edərək, bu təşəbbüsü Albaniyada pediatrik səhiyyə xidmətlərinin inkişafına töhfə kimi yüksək qiymətləndirib.