Sentyabrın 12-də Bakıda, “Gülüstan” sarayında Dünya Səhiyyə Təşkilatının (DST) Avropa Regional Komitəsinin 61-ci sessiyası öz işinə başlamışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sessiyanın açılış mərasimində iştirak etmişdir.
Dünya Səhiyyə Təşkilatının baş direktoru xanım Marqaret Çanın, DST-nin Avropa Regional bürosunun direktoru xanım Jujanna Yakabın iştirak etdikləri üçgünlük sessiyada 50-dən çox ölkənin səhiyyə nazirləri, yüksək səviyyəli mütəxəssisləri müxtəlif xəstəliklərlə mübarizə və ictimai sağlamlıq məsələlərinə dair müzakirələr aparacaqlar.
Tədbirin məhz Azərbaycanda keçirilməsi təsadüfi deyildir. Son zamanlar ölkəmizdə səhiyyə sistemində mühüm islahatlar həyata keçirilmişdir. Bir çox beynəlxalq qurumlar, o cümlədən Dünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional Komitəsinin rəsmiləri bildirmişlər ki, Azərbaycan səhiyyə sektorunda uğurlu nailiyyətlər əldə etmişdir və Avropanın bir çox ölkələri məhz Azərbaycanın bu sahədəki təcrübəsindən yararlana bilər.
Azərbaycanın dövlət büdcəsində səhiyyə sahəsinin inkişafına ayrılan vəsaitin məbləği artır, ölkədə yeni müasir müalicə ocaqları inşa edilir və yenidən qurulur. Dövlət dəstəyi və qayğısı ilə yanaşı, Heydər Əliyev Fondu da səhiyyə sahəsinin inkişafını fəaliyyətində prioritet istiqamətlərdən biri kimi müəyyən etmişdir. Ailə, ana və uşaq sağlamlığının qorunması Fondun diqqətdə saxladığı əsas sahələrdəndir. Bununla bağlı Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən zəruri proqram və layihələr Azərbaycanda səhiyyə sahəsinin inkişafına əvəzsiz töhfələr vermişdir.
Sessiyanın iştirakçıları dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Prezident İlham Əliyev mərasimdə çıxış etdi.
Sonra dövlətimizin başçısı tədbirin xaricdən olan iştirakçıları ilə görüşdü, onlara və sessiyanın işinə uğurlar arzuladı.
Daha sonra tədbir öz işini davam etdirdi. Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev 61-ci sessiyanın sədri seçildi.
Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın sessiya iştirakçılarına təbrik məktubunu oxudu. Məktubda deyilir:
Hörmətli qonaqlar!
Sizin hamınızı Azərbaycanın paytaxtı Bakı şəhərində səmimi qəlbdən salamlayıram, hər birinizə uzun ömür, cansağlığı və uğurlar arzulayıram. Ümidvaram ki, ölkəmizdə keçirilən sessiyanın işi səhiyyə üçün taleyüklü sənədlərin qəbulu ilə nəticələnəcək və XXI əsrdə Avropa ölkələrinin səhiyyə sahəsindəki yeni siyasətinin formalaşdırılmasına öz müsbət təsirini göstərəcəkdir.
Regional Komitənin bu sessiyası respublikamızın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bir vaxta təsadüf edir. Ötən illər ərzində Azərbaycan səhiyyəsi böyük inkişaf yolu keçərək, tibb müəssisələrinin maddi-texniki bazasının əsaslı surətdə yeniləşdirilməsi, müasir tələblərə cavab verən yeni səhiyyə ocaqlarının yaradılması və özəl sektorun qurulması istiqamətində bir çox nailiyyətlər qazanmışdır.
Səmərəli surətdə həyata keçirilən müxtəlif dövlət proqramları çərçivəsində yoluxucu xəstəliklərin, şəkərli diabet, hemofiliya və ümumən insanların sağlamlığı ilə bağlı digər problemlərin aradan qaldırılması üçün xeyli iş görülmüşdür. Ümidvaram ki, bizim səhiyyə sistemi ilə tanışlığınız da gələcək əməkdaşlığımız üçün möhkəm zəmin yaradacaqdır.
Qloballaşan dünyada insanların sağlamlığını müəyyən edən bir çox amillərin iqtisadi və sosial inkişafla bağlılığı qarşımızda yeni vəzifələr qoyaraq dövlət strukturlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin yeni əməkdaşlıq strategiyasının formalaşmasını tələb edir. Buna uyğun olaraq, rəhbərlik etdiyim Fond yarandığı ilk gündən səhiyyə sahəsində genişmiqyaslı layihələr həyata keçirməyə başlamışdır. Dünyanın bir sıra aparıcı səhiyyə şirkətləri və humanitar fondları ilə davamlı işbirliyimiz öz bəhrəsini verməkdədir.
Əminəm ki, üçüncü minilliyin inkişaf məqsədlərinə nail olmaq üçün Dünya Səhiyyə Təşkilatının ardıcıl həyata keçirdiyi siyasət bundan sonra da ölkələrimizdə mövcud potensialın səfərbər olunmasına və səhiyyənin inkişafına müxtəlif vasitələrlə, o cümlədən Avropa Regional Komitəsinin uğurlu işi ilə xidmət edəcəkdir.
Ən xoş arzularla,
Mehriban Əliyeva
Heydər Əliyev Fondunun prezidenti