12 fevral 2011

Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Gürcüstanın Qardabani rayonundakı Qaracalar kəndində yeni məktəb binası inşa edilir

Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsinin Qardabani rayonundakı Qaracalar kəndində yeni məktəb binası inşa olunur. Müasir tələblər səviyyəsində tikilən bina yeni dərs ilinədək istifadəyə veriləcəkdir.


Qaracalar məktəbinin binası Heydər Əliyev Fondunun bilavasitə maliyyə dəstəyi ilə inşa olunur. Fond Gürcüstandakı soydaşlarımızın sosial-iqtisadi durumunun yaxşılaşdırılması ilə yanaşı, təhsilin səviyyəsinin yüksəldilməsinə də ciddi diqqət yetirir. Son illər Gürcüstan azərbaycanlılarının yığcam məskunlaşdığı bölgələrdə çoxlu sayda məktəb binaları təmir olunmuş, yeni binalar tikilmiş, təhsil ocaqları lazımi kitablar, avadanlıqla təmin edilmişdir. Bütün qayğı və diqqətə görə gürcüstanlı soydaşlarımız Fondun prezidenti Mehriban xanım Əliyevaya minnətdardırlar.

 

Qaracalar kəndindəki məktəb binası üçmərtəbəli olacaqdır. Burada müasir tipli fənn kabinetləri və idman meydançası da tikiləcəkdir. Bölgənin qubernatoru David Kirkitadze tikintinin gedişi ilə tanış olmuş və məktəb binasının vaxtında istifadəyə veriləcəyini bildirmiş, təhsil ocaqlarının müasir tələblər səviyyəsində bərpa olunması, avadanlıqla təchizat məsələlərində göstərdiyi qayğıya görə Heydər Əliyev Fonduna təşəkkür etmişdir.