5 iyul 2011

Heydər Əliyev Fondunun dəstəyi ilə Rumıniyada çap olunan “Geopolitica” toplusunun “Azərbaycan. Regional geopolitik oyunçu” mövzusuna həsr olunmuş növbəti nömrəsi çapdan çıxıb

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar Rumıniyada çap olunan nüfuzlu “Geopolitica” toplusunun “Azərbaycan. Regional geopolitik oyunçu” mövzusuna həsr olunmuş növbəti nömrəsi çapdan çıxmışdır. 


Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr edilmiş 246 səhifəlik toplu məxsusi, olaraq respublikamızla əlaqədar ingilis və rumın dillərində məqalə və araşdırmalardan ibarətdir.


Toplu redaksiyanın katibi, doktor Marius Vakarelunun “Qafqaz və onun siyasi məkanı. Qısa giriş” sərlövhəlı məqaləsi ilə açılan nəşrdəki yazılar “Geosiyasət”, “Geostrategiya”, “Geoiqtisadiyyat”, “Geotarix” və “Universitas” bölmələri üzrə qruplaşdırılmışdır. Nəşrdə səfir E.Həsənovun “Geopolitica” toplusuna müsahibəsi və Heydər Əliyev Fondu haqqında Fondun Rumıniyadakı nümayəndəliyinin direktoru İ.Hacıyevin müəllifi olduğu təqdimat dərc edilmişdir.


“Geosiyasət” bölməsində doktor Vasile Nazarenin “Azərbaycan və Avrasiya uğrunda yarış”, professor Riçard Russonun “Azərbaycanın xarici siyasətində Avroatlantik Alyansa doğru hərəkət”, doktor Yonuts Konstantinin “Xəzər-Qara dəniz məkanı çərçivəsində Azərbaycanın lider roluna dair fikirlər”, doktor Gündüz Əliyevin “Rusiyanın geosiyasi maraqları kontekstində Cənubi Qafqaz”, Ana Mariya Gimişin “Azərbaycan Şərqlə Qərb arasında” yazıları dərc olunnmuşdur.


“Geostrategiya” bölməsində Paraskiva Badeskunun “Azərbaycan – Cənubi Qafqazda mühüm geostrateji oyunçu”, doktor Fəxri Kərimlinin “Azərbaycanda hakimiyyət böhranı və vətəndaş müharibəsi təhlükəsi (1991-1993)”, doktor Ştefan Corcesku və doktor Marian Zidarunun “Qafqaz bölgəsində dövlətlərarası münaqişələr”, doktor Romulus Hıldanın “Azərbaycan – dəniz gücü olmaq və dəniz güclərinin bu ölkədə təmsil olunması arasında”, doktor Elman Nəsirovun “Beynəlxalq antiterror koalisiyası çərçivəsində Azərbaycan-ABŞ hərbi əməkdaşlığı” başlıqlı tədqiqatları yer almışdır.


“Geoiqtisadiyyat” bölməsində Xatirə Hacıyevanın “Avropa İttifaqının Azərbaycanda maraqları”, Aygün Əsgərzadənin “Azərbaycan və Türkiyə arasında strateji əməkdaşlıqda enerji təhlükəsizliyi faktoru”, Təbriz Qarayevin “Enerji layihələrinin həyata keçirilməsində Azərbaycan-Rumıniya münasibətlərinin əhəmiyyəti” sərlövhəli məqalələri yerləşdirilmişdir.


“Geotarix” bölməsində Rumıniyanın Azərbaycandakı ilk səfiri, Babeş-Boyyai Universitetinin Türkologiya və Mərkəzi Asiya Araşdırmalar İnstitutunun direktoru, professor-doktor Tahsin Cəmilin “Avropa perspektivindən Azərbaycan tarixi”, doktor İon Stanın “Cənubi Qafqaz dövlətlərinin təşəkkül tapması və transformasiyaya uğramasının qısa tarixçəsi: Azərbaycan, Ermənistan və Gürcüstan”, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun kollektiv müəlliflərinin “İrəvan xanlığı” kitabından çıxarış, doktor Ceyhun Hüseynovun “Tarixi inkişaf prosesində insan hüquqlarının ilkin formaları və onların təkamül istiqamətləri”, Babeş-Boyyai Universitetinin doktorantı Əsgər Dünyamalıyevin “1991-2010-cu illərdə Cənubi Qafqaz geopolitikasının təməl elementləri”, Aleksandru Mihay Giciunun “Azərbaycan. Dağlıq Qarabağ münaqişəsinə siyasi-tarixi baxış”, Yanoş Lepedusun “Dağlıq Qarabağ münaqişəsi”, “Universitas” bölməsində isə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun doktorantı Jalə İsmayılovanın “Azərbaycan dilinə tərcümə olunmuş rumın ədəbiyyatı” başlıqlı araşdırmaları toplanılmışdır.


Bundan əlavə, topluda Buxarest Yazıçılar Birliyinin sədri H.Qırbeanın bu yaxınlarda Rumıniyada işıq üzü görmüş “Azərbaycan – canlı alov”, F.Kərimlinin “Azərbaycan Respublikası və Rumıniya arasında münasibətlər (1993-2004)”, İ.Hacıyevin “Azərbaycan Respublikasının Mərkəzi Asiya dövlətləri ilə əlaqələri” kitabları haqqında rəylər də yer almışdır. Topluda, həmçinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və digər işğal edilmiş ərazilər, İrəvan xanlığı, Azərbaycan Demokratik Respublikası, tarixi Azərbaycan dövlətləri, Xəzər dənizində neft və qaz yataqları, regional neft və qaz kəmər marşrutları və s. mövzularda tematik xəritələr yerləşdirilmişdir.


“Geopolitica” toplusu nəinki Rumıniya, bütövlükdə regionda tanınmış nəşrdir. Toplunun Elmi Şurasında Rumıniya, Çin, Almaniya, ABŞ, İtaliya, Fransa, Makedoniya, İran, Yaponiya, Tunis və s. ölkələrdən olan 5 akademik, 44 professor təmsil olunmuşdur.


“Geopolitica” toplusunun “Azərbaycan. Regional geopolitik oyunçu” mövzulu nömrəsinin ölkə kitabxanalarına və kitab mağazalarına göndərilməsi təmin olunmuşdur.