Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar Rumıniyanın paytaxtı Buxarest şəhərində tədbirlər keçirilmişdir.
Tey Parkın Heydər Əliyev xiyabanında keçirilən tədbirdə bu ölkədə yaşayan və təhsil alan soydaşlarımız, Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyi, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya-Azərbaycan Ticarət və Sənaye Palatası, Rumıniya-Azərbaycan Gənclər və Mədəniyyət Assosiasiyası, Rumıniya Müsəlman Tatar Türklərinin Demokrat Birliyi və Rumıniya Türk Demokrat Birliyinin üzvləri də iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Çıxış edənlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən söhbət açmış, xalqının müstəqilliyi, suverenliyi, tərəqqisi uğrunda ağır mübarizə şəraitində keçən məşəqqətli ömür yolundan danışmışlar.
Tədbirdə dərin tarixi köklərə malik Azərbaycan ilə Rumıniya münasibətlərinin müasir şəraitdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində Heydər Əliyevin xüsusi rolu olduğu diqqətə çatdırılmışdır. Heydər Əliyev şəxsiyyətinin və siyasətinin yalnız Azərbaycan çərçivəsində deyil, ümumiyyətlə regional və qlobal miqyasda da dəyərləndirilməsinin vacibliyi xüsusi qeyd olunmuşdur.
Sonra ümummilli liderin büstü önünə əklillər və tər çiçəklər qoyulmuş, ulu öndərin əziz xatirəsinə yüksək hörmət, ehtiram ifadə olunmuşdur.
Tədbir iştirakçıları Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin binasında bu dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən foto-sərgi ilə də tanış olmuş, ulu öndərə həsr olunmuş sənədli filmə baxmışlar.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar Rumıniyanın bir sıra aparıcı mətbuat orqanlarında yazılar dərc olunmuşdur.