22 mart 2005

Heydər Əliyev Fondundan internat evləri və məktəblərinə Novruz sovqatları çatdırılıb

Heydər Əliyev Fondunun nümayəndələri Novruz bayramı münasibətilə növbəti dəfə bir sıra internat evlərində və məktəblərində olmuş, Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın adından uşaqlara hədiyyələr paylamışlar.


Üzərində "Heydər Əliyev Fondundan" sözləri yazılmış xonçalar uşaqların bayram sevincini qat-qat artırmışdır. Bayram şənliklərində uşaqlar öz məharətlərini, bilik və bacarıqlarını nümayiş etdirmiş, ulu öndərimiz Heydər Əliyevə və Novruz bayramına həsr olunmuş şeirlər söyləmişlər. Milli geyimli oğlan və qızların ifa etdikləri rəqslər, Kosanın, Keçəlin, Bahar qızın çıxışları məclis iştirakçılarında xoş ovqat yaratmışdır.

 

Heydər Əliyev Fondunun nümayəndələri YUNESKO-nun xoşməramlı səfiri, Fondun prezidenti Mehriban xanım Əliyevanın adından uşaqları Novruz bayramının gəlişi münasibətilə təbrik etmiş, onun ən xoş arzularını balacalara yetirmişlər. Bildirilmişdir ki, Mehriban xanımın təşəbbüsü ilə Novruz bayramı günlərində Bakıda və Bakı ətrafında yerləşən 30-dək uşaq evi, internat məktəbi, əlil uşaqların müalicə mərkəzləri və qocalar evinin hamısına - köməyə ehtiyacı olan 10 min nəfərdən çox vətəndaşımıza hədiyyələr çatdırılacaqdır.

 

Şənliklərdə çıxış edən valideynlər, tərbiyəçi müəllimlər son bir ildə uşaq evlərinin maddi-texniki bazasının yaxşılaşması, ərzaqla təminat, səhiyyə, təhsil, iaşə, kommunal xidmətləri sahəsində müsbət dəyişikliklərdən razılıq hissi ilə danışmış, bu xeyirxah işlərin himayədarı olan Heydər Əliyev Fonduna və onun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.