4 mart 2005

YUNESKO-nun xoşməramlı səfirlərinin illik iclası başa çatıb

Martın 4-də YUNESKO-nun xoşməramlı səfirlərinin illik iclasının sonuncu günü uşaqların təhsili ilə bağlı "Hər bir insan üçün təhsil" mövzusunda müzakirələr aparılmışdır. Çıxış edən xoşməramlı səfirlər uşaqlar arasında savadsızlıq hallarının artmasından ciddi narahat olduqlarını, Afrika və Asiyanın bir çox ölkələrində uşaqların əksəriyyətinin yazıb-oxumağı bacarmadıqlarını, təhsildən ayrı düşdüklərini bildirmişlər. Uşaqların ağır işlərə cəlb edilməsini pisləyən xoşməramlı səfirlər azyaşlılar arasında zorakılıq və cinayətkarlıq hallarının artdığını, dünyanın bəzi ölkələrinin üzləşdiyi aclıq probleminin uşaqların təhsilinə ciddi təsir etdiyini vurğulamışlar. Onlar bu problemin aradan qaldırılmasında YUNESKO-nu mətbuatla birgə fəaliyyət göstərməyə, inkişaf etmiş dövlətləri aclıq təhlükəsi ilə üzləşmiş yoxsul ölkələrə humanitar yardım etməyə çağırmışlar.

 

YUNESKO-nun baş direktoru Koiçiro Matsuura iclasa yekun vuraraq, növbəti toplantının 2006-cı ilin martında keçiriləcəyini bildirmişdir. O, YUNESKO-nun qarşıdakı 60 illiyi ilə əlaqədar hazırlıq işləri barədə xoşməramlı səfirlərə məlumat vermiş və onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

 

İclasdan sonra Parisin "Löduayen" salonunda Azərbaycan musiqisindən ibarət konsert təşkil edilmişdir. Konsertdən əvvəl xoşməramlı səfir Mehriban Əliyeva qonaqları salamlamış, YUNESKO kimi nüfuzlu təşkilatın xoşməramlı səfiri seçilməsindən xoşbəxtlik duyduğunu, həmkarlarının faydalı işlər gördüyünü vurğulamışdır. Azərbaycanda muğamın inkişafı üçün xüsusi proqramların həyata keçirildiyini xatırladan Mehriban xanım muğamın mədəni irs siyahısına daxil edilməsini ölkəmiz üçün mühüm hadisə kimi qiymətləndirmişdir.

 

Sonra çıxış edən dünya şöhrətli musiqiçi Mstislav Rostropoviç əslən bakılı olmasından böyük qürur duyduğunu, bununla fəxr etdiyini bildirmişdir. Maestro Azərbaycanın zəngin musiqi tarixinə malik olduğunu söyləmiş və muğam barədə qısa məlumat vermişdir.

 

Almaniyada yaşayan həmyerlimiz, xalq artisti, bəstəkar Firəngiz Əlizadə pianoda muğam parçaları ifa etmişdir.

 

Konsertdən sonra YUNESKO-nun baş direktoru Koiçiro Matsuura Mehriban xanım Əliyevaya qurumun medalını və özünün rus dilində çapdan çıxmış kitabını təqdim etmişdir.

 

Azərbaycanlı jurnalistlərin xoşməramlı səfir kimi Mehriban xanım Əliyevanın fəaliyyəti ilə bağlı suallarına cavabında cənab K.Matsuura Mehriban xanımın muğamın qorunub saxlanması və təbliğində, xəstə, kimsəsiz uşaqlara qayğı sahəsində gördüyü işlərin təqdirəlayiq olduğunu vurğulamışdır. Baş direktor iyun ayında YUNESKO çərçivəsində Yaponiyanın Naqoya şəhərində keçiriləcək beynəlxalq sərgiyə Mehriban xanım Əliyevanı dəvət etdiyini, sərgidə muğam ustalarından ibarət qrupun çıxışının nəzərdə tutulduğunu bildirmişdir.

 

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində xalqımıza məxsus tarix və mədəniyyət abidələrinin dağıdılması, son zamanlar isə Şuşa şəhərində ermənilərin "arxeoloji qazıntılar" aparması ilə bağlı YUNESKO-nun hansı addımlar atacağı barədə suallara cavab verən baş direktor demişdir ki, rəhbərlik etdiyi qurum siyasi təşkilat olmadığına görə bu faktlarla əlaqədar hansısa bir sanksiya tətbiq etmək imkanları yoxdur. Eyni zamanda, o, hər bir xalqa məxsus abidələrin dağıdılmasını pisləmiş, maddi-mədəni irsin qorunub saxlanması istiqamətində təşkilatın gördüyü işlərdən danışmışdır.