15 iyul 2005

Heydər Əliyev Fondunun əməkdaşları Əzizbəyov rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşüblər

İyulun 15-də Heydər Əliyev Fondunun əməkdaşlarının Əzizbəyov Rayon İcra Hakimiyyətində rayonun ağsaqqalları və ictimaiyyətin nümayəndələri ilə görüşü olmuşdur.

 

Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Gülağa İslamov Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fevralın 2-si və 3-də Əzizbəyov rayonunun ərazisində yerləşən internat məktəbləri ilə yaxından tanış olduğunu və o zamandan Fondun maddi yardımı ilə bu tədris ocaqlarında xeyli iş görüldüyünü diqqətə çatdırdı. Bildirdi ki, keçirilən bu görüşdə Fondun nümayəndələri Əzizbəyov rayonunda görülmüş və görüləcək işlər barədə məlumat verəcək, ictimaiyyətin rəy və təklifləri ilə tanış olacaqlar.

 

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun fəaliyyəti haqqında məlumat verdi. Bildirildi ki, Fond rəsmi fəaliyyətə 2004-cü il mayın 10-dan, ümummilli liderimiz Heydər Əliyevin doğum günündən başlamışdır. Qeyd edildi ki, ulu öndərin ideyalarını rəhbər tutaraq, Fond bütün fəaliyyətini xalqımıza, gənclərə, gələcək nəsillərimizə həsr etmişdir. Görülən işlər, layihələr barədə danışan natiq, ötən ilin avqustunda Heydər Əliyevin nəvəsi Leyla Əliyevanın təşəbbüsü ilə "Mən Azərbaycanı sevirəm" mövzusunda keçirilmiş rəsm sərgisini diqqətə çatdırdı. Hazırda Fondun uşaq evləri və internat məktəblərinin inkişafı layihəsini həyata keçirdiyini söyləyən natiq, Mehriban xanım Əliyevanın Bakı ərazisindəki bütün bu tipli tədris ocaqlarını ziyarət etdiyini və mövcud şəraitlə tanış olduğunu vurğuladı.

 

Anar Ələkbərov Əzizbəyov rayonunda bu layihə çərçivəsində beyin iflici və poliomielit keçirmiş uşaqlar üçün 16 nömrəli internat məktəbində, 2 nömrəli yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəbində, Türkan qəsəbəsindəki nitqi qüsurlu uşaqlar üçün respublika xüsusi internat məktəbində, zəif eşidən və sonradan karlaşmış uşaqlar üçün ümumtəhsil respublika internat məktəbində və digər yerlərdə Fondun maliyyə yardımı ilə aparılmış işlərdən danışdı. Bundan əlavə, Fondun köməyi ilə Şüvəlan qəsəbəsindən Qala qəsəbəsinə içməli su xəttinin çəkilməsi, rayonun mərkəzi kitabxanasının yaxın günlərdə kompüter avadanlığı və yeni kitablarla təmin olunması məsələlərinin həll ediləcəyi, Əzizbəyov adına mədəniyyət evinin təmiri məsələsinin də gündəlikdə durduğu diqqətə çatdırıldı.

 

Fondun icraçı direktoru qurum tərəfindən ölkəmizdə görülmüş işlər barədə də qısa məlumat verdi. "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı çərçivəsində 132 yeni məktəb binasının tikilməsi, Lökbatan qəsəbəsinə su kəmərinin çəkilişi, qaçqın və məcburi köçkün ailələrindən olan bütün məktəblilərə verilən hədiyyələr və sairə barədə danışıldı. Görüləcək işlər sırasında yaxın günlərdə açılacaq Azərbaycan internet portalının olduğu bildirildi. Portalda Azərbaycan haqqında 3000 vərəqdən artıq məlumat toplandığı və bunun xaricdə yaşayan soydaşlarımız, eləcə də xarici ölkə vətəndaşları üçün nə qədər əhəmiyyətli olması nəzərə çatdırıldı.

 

Tədbirdə çıxış edən Əzizbəyov rayon ictimaiyyətinin nümayəndələri Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətindən razılıqlarını bildirərək, təkliflərini vermişlər. Görüşdə Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya Əzizbəyov rayonundan Milli Məclisə deputatlığa namizədliyinin irəli sürülməsinə razılıq verməsi ilə əlaqədar müraciət edilməsi təklifi irəli sürülmüşdür. Təklif sürəkli alqışlarla qarşılanmışdır.

 

Sonda Heydər Əliyev Fondunun məqsəd və fəaliyyətinə həsr olunmuş kitab paylanmış və iştirakçıların yazılı təklifləri qəbul olunmuşdur.