22 iyul 2005

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyətinə həsr edilmiş “Xoşməramlı səfir” kitabının təqdimatı keçirilib

İyulun 22-də Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya həsr edilmiş "Xoşməramlı səfir" kitabının təqdimat mərasimi keçirilmişdir.

 

Kitabın elmi redaktoru və ön sözün müəllifi, təhsil nazirinin müavini, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, professor İradə Hüseynova tədbiri giriş sözü ilə açdı.

 

Yeni Azərbaycan Partiyası sədrinin müavini, YAP-ın icraçı katibi, Milli Məclisin deputatı Əli Əhmədov, Azərbaycanda Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Milli Məclisin deputatı, professor Nizami Cəfərov, Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri Zəhra Quliyeva, Milli Məclisin deputatları Südeif İmanverdiyev, Həsən Mirzəyev, Prezidentin İcra Aparatının bölmə müdiri Qafar Əliyev və başqaları çıxış etdilər.

 

Onlar YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan xalqının milli sərvəti olan Heydər Əliyev irsinin öyrənilməsi, ulu öndərin ideyalarının ardıcıl təbliği sahəsində mühüm xidmətlərindən, onun şəxsi təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı sosial, mədəniyyət, səhiyyə layihələrindən, bu gün ölkəmizin bütün guşələrində geniş vüsət alan "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı çərçivəsində 132 təhsil ocağının tikilməsindən, "Uşaq evləri və internat məktəblərinin inkişafı", "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların kənar edilməsi və alternativ qayğı", "Talassemiyasız həyat naminə", "Muğam dəstgahları", "Diabetli uşaqlara ən yüksək qayğı" və digər proqramların əhəmiyyətindən ətraflı bəhs etdilər, kitabdakı materiallarda bütün bunlar barədə əhatəli məlumat verildiyini bildirdilər.

 

Xalq musiqimizin nadir incisi, misilsiz sərvəti olan muğamlarımızın dünyada təbliği, tanıdılması, milli-mədəni dəyərlərimizin qorunub saxlanması və inkişafı, olimpiya idman hərəkatının genişlənməsində Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, Gimnastika Federasiyasının rəhbəri kimi Mehriban xanımın məqsədyönlü fəaliyyətinin respublika ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyi vurğulandı, belə dəyərli fəaliyyətin ona cəmiyyətdə nüfuz qazandırdığı bildirildi.

 

Qeyd edildi ki, xeyirxahlıq, humanizm, mərhəmət, sadəlik və insanpərvərlik prinsiplərini həmişə uca tutan Mehriban xanım bu yaxınlarda keçirilmiş sorğuda haqlı olaraq "İlin qadını" seçilmişdir.

 

Respublikamızın 100-ə yaxın qadın təşkilatı Azərbaycan qadınına xas olan yüksək əxlaqi keyfiyyətləri özündə cəmləşdirən, geniş xeyriyyəçilik fəaliyyətini gündən-günə genişləndirən Mehriban xanımı özlərinin vahid lideri seçmişlər.


Kitabdakı materiallara istinad edən natiqlər onu da vurğuladılar ki, Mehriban xanım ümummilli liderimiz Heydər Əliyevin ölməz ideyalarının, siyasi xəttinin ən layiqli davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə respublikamızın regionlarına səfərlər edərkən insanlarla söhbət edir, onların qayğı və problemləri ilə maraqlanıb həllinə kömək edir.

 

Yüksək mədəniyyəti, sadəliyi, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanıma xarici ölkələrdə nüfuz gətirmişdir. Bu fikir çıxışlarda dönə-dönə səsləndi.


AzərTAc-ın materialları və rəngli fotoşəkilləri əsasında hazırlanmış, geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitabın tərtibçilərinin - YAP Siyasi Şurasının üzvü, mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayevin, Yeni Azərbaycan Partiyasının üzvü Aftandil Qasımovun əməyi yüksək qiymətləndirildi. Natiqlər həmişə xeyirxahlığı, mərhəməti, milli vətənpərvərliyi özünə həyat devizi seçən YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanıma ölkəmizin, xalqımızın taleyüklü problemlərinin həllinə göstərdiyi sanballı köməyə görə minnətdarlıq etdilər, doğma Azərbaycanımızın çiçəklənməsi naminə ona daha böyük uğurlar arzuladılar.

 

Milli Məclisin deputatları, dövlət və hökumət nümayəndələri, respublikamızın tanınmış elm, mədəniyyət, incəsənət xadimləri mərasimdə iştirak edirdilər.


Tədbir iştirakçılarına "Xoşməramlı səfir" kitabı paylandı.