22 sentyabr 2005

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva çoxuşaqlı ailəyə sonsuz sevinc bəxş edib

Heydər Əliyev Fondunun nümayəndələri Moskvada yaşayan Mərdan və Mehriban Tağıyevlərin ailəsində dünyaya göz açmış dörd əkiz uşağın bir yaşlarının tamam olması münasibətilə Sumqayıtda şənlik mərasimi təşkil etmişlər.


Əslən Yardımlı rayonunun Pirembe kəndindən olan bu ailə 1990-cı ildən Moskvada yaşayır. Ailə həyatı qurandan 9 il sonra, 2004-cü ildə bu ailədə 6 uşaq - 3 oğlan və 3 qız dünyaya gəlmişdi. Bu, həm Rusiyada, həm də Azərbaycanda ilk belə hadisə idi. Lakin fidanlardan ikisinin həyatı vaxtsız soldu. Hüseyn, Əli, Yasəmən, Xədicə isə sağlam böyüyürlər.


Tağıyevlər ailəsi bu uşaqların ilk ad gününü Fondun himayəsi ilə doğmaları və əzizlərinin arasında qeyd etdilər.


Fondun icraçı direktoru Anar Ələkbərov Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təbriklərini, ən xoş arzularını Tağıyevlər ailəsinə çatdırdı. Bildirdi ki, Azərbaycandan uzaqda yaşayan həmvətənlərimiz də Fondun daim diqqət mərkəzindədir. Mehriban xanım bu ailənin də problemlərindən, qayğılarından xəbər tutandan sonra ona himayədarlıq göstərəcəyini vəd etdi.


Fondun icraçı direktoru Tağıyevlər ailəsinə Mehriban xanımın şəxsi hədiyyələrini - Moskvanın mərkəzində alınmış mənzilin açarlarını, məişət əşyaları bağışladı.


Ailənin ağsaqqal və ağbirçəkləri, gənc ata-ana bu xeyirxah qayğıya, əvəzsiz hədiyyəyə görə Mehriban xanıma sonsuz minnətdarlıq və təşəkkürlərini bildirdilər, ona Allahdan uzun ömür, cansağlığı dilədilər, xeyirxah fəaliyyətində uğurlar arzuladılar.