9 iyun 2005

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Yaqut Xaç” ordeninə layiq görülüb

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Rusiyanın "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaç" ordeninə layiq görülmüşdür.


Bununla əlaqədar Fondun prezidenti O.Oleynikin Mehriban xanıma göndərdiyi məktubda deyilir:


"Hörmətli Mehriban xanım!


"Yaqut Xaç" ordeni ilə təltif olunmuş Rusiya DİN İdarəçilik Akademiyasının, A.S.Puşkin adına Dövlət Təsviri Sənət Muzeyinin, Dövlət Ermitajının, Rusiya Elmlər Akademiyasının, Rusiya Dövlət Akademik Böyük Teatrının, Dövlət Tretyakov Qalereyasının, Azərbaycanın Rus İcmasının tövsiyəsi ilə "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun Hamilər şurası ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinizə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfənizə görə Sizin "Yaqut Xaç" ordeni ilə təltif olunmağınız haqqında yekdilliklə qərar qəbul etmişdir.


Azərbaycan Respublikasında xeyriyyəçilik və mesenatlıq ideyalarının bərqərar edilməsinə, Azərbaycan xalqının şifahi ədəbi və musiqi irsinin qorunub saxlanmasına və inkişafına, yetim uşaqlara, qaçqınlara, xəstələrə yardım üzrə genişmiqyaslı aksiyalara yönəldilmiş fəaliyyətiniz təkcə Azərbaycanda deyil, Rusiyada da ictimai təşkilatlarda böyük əks-səda doğurmuşdur.


Sizi layiqli mükafat münasibətilə təbrik edir, Sizi və qonaqlarınızı Moskva Hökumət Evində iyunun 16-da keçiriləcək XXV təntənəli təltif mərasimində gözləyirik.


Hörmətlə,


O.Oleynik


Rusiyanın "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun prezidenti".