001.JPG
26 avqust 2008

Heydər Əliyev Fondu Bakının Binə və Zirə qəsəbələrində uşaqlar üçün şənliklər təşkil edib

Avqustun 26-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Əzizbəyov rayonunun Binə və Zirə qəsəbələrində uşaqlar üçün şənliklər təşkil etmişdir.


Yeni dərs ilinin başlanması ərəfəsində Binə qəsəbəsindəki uşaq bağçasında təşkil olunan şənliyə klounlar da dəvət olunmuşdu. Bağçanın müdiri Validə Aydəmirova demişdir ki, 2007-ci ilin mart ayında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva buraya gəldikdən sonra binanın təmirinə başlanmışdı. Qısa müddətdə təmir olunan bağça bu il mayın 9-da istifadəyə verilmişdir. Bağçamızda uşaqların yaxşı təlim-tərbiyə alması ilə yanaşı, onların sağlam böyüməsi üçün də hər cür şərait vardır. Uşaqlarımızın xoşbəxt gələcəyi üçün əlindən gələni əsirgəməyən Mehriban xanıma dərin minnətdarlığımızı bildiririk.

 

200 uşaq üçün nəzərdə tutulmuş bağçada məktəbəqədər hazırlıq qrupları da fəaliyyət göstərir. Azərbaycan və rus bölmələrinin mövcud olduğu bağçada uşaqlara ingilis dili də öyrədilir.

 

Heydər Əliyev Fondunun uşaqlara bəxş etdiyi bayram şənliyi klounların şən və heyrətləndirici çıxışları, uşaqların şeir söyləməsi, həvəslə rəqs etməsi ilə yadda qaldı.

 

Zirə park kompleksindəki Səadət sarayında təşkil edilmiş şənlikdə Bakının müxtəlif uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan, habelə Zirə qəsəbəsinin təhsildə fərqlənən şagirdləri iştirak etmişlər.

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən şənliyə Fondun Rusiya Federasiyasındakı nümayəndəliyinin təşəbbüsü ilə Azərbaycanda səfərdə olan Sankt-Peterburq şəhərindəki 46 nömrəli internat məktəbinin uşaqları və onların müəllimləri də gəlmişdilər.

 

Uşaqların sevincini bölüşmək, ən çətin vaxtlarda onların yanında olmaq kimi ali missiyanı öz üzərinə götürmüş Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində təşkil edilən əvvəlki şənliklərdə olduğu kimi, bu dəfə də respublikamızın tanınmış estrada müğənniləri, məktəblilərin özfəaliyyət kollektivləri, gənc istedadlar öz oynaq, şux mahnıları, rəqsləri ilə hamıda xoş ovqat yaratmışdılar. Rəqslərə qoşulan, yallı gedən, məharətlərini göstərən uşaqların sevinci hədsiz idi. Çünki tanınmış sənətçilərin, klounların bir-birindən maraqlı çıxışları məhz onlara ünvanlanmışdı.

 

Sankt-peterburqlu uşaqlar da öz həmyaşıdlarına qoşulmuşdular. Onların müəllimi Nadejda Vasilyeva şənlikdə iştiraklarından məmnunluqlarını söyləmiş, Mehriban xanımın bu təşəbbüsünü yüksək qiymətləndirərək demişdir ki, belə tədbirlər uşaqların yaddaşında silinməz iz buraxır.


FOTO