001.JPG
17 aprel 2007

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Profilaktika! Müdafiə! İmmunlaşma!” həftəsində iştirak edib

Aprelin 17-də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Dünya Səhiyyə Təşkilatının layihəsi olan Avropa İmmunlaşdırma həftəsi (16-22 aprel) çərçivəsində ölkəmizdə həyata keçirilən “Profilaktika! Müdafiə! İmmunlaşma!” kampaniyasında iştirak etmək üçün Bakının Nəsimi rayonundakı 1 nömrəli uşaq poliklinikasında olmuşdur.


Poliklinikanın kollektivi Azərbaycanın birinci xanımını səmimiyyətlə qarşıladı, gül-çiçək dəstəsi təqdim etdilər.

 

Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verdi ki, poliklinikanın yerləşdiyi, hələ 1890-cı ildə inşa olunmuş bina uzun illər baxımsız qaldığından yararsız hala düşmüş, sovet dövründən qalma bütün avadanlıq köhnəlmiş və ya sıradan çıxmışdı. Əslində, poliklinikanın yalnız adı vardı, günlərlə buraya gələn də olmurdu. Ona görə də şəhər mərkəzində yerləşən poliklinikanın ötən ilin aprelindən təmiri və yenidən qurulmasına başlandı. Təmir müddətində bütün heyətin əmək haqqı saxlanmaqla digər səhiyyə obyektlərində işləməsinə şərait yaradılmışdı. Layihəyə uyğun olaraq, bina tamamilə yenidən qurulmuş, əlavə otaqlar, kabinetlər yaradılmış, su, kanalizasiya, istilik sistemi təzədən quraşdırılmış, tibb avadanlığı tamamilə təzələnmiş, yeni şöbələr yaradılmışdır.

 

205 nəfərin çalışdığı poliklinikada Nəsimi və Yasamal rayonunda qeydiyyatda olan 19 mindən çox uşağın ardıcıl müayinə və müalicəsi aparılır.

 

Mehriban xanım Əliyeva poliklinikanın müayinə-müalicə otaqları və kabinetlərinə baxdı, təmir işlərinin keyfiyyətindən, quraşdırılmış tibbi avadanlığın müasir tələblərə cavab verməsindən, ana və uşaqlar üçün nəzərdə tutulan gözləmə otaqlarında yaradılmış rahatlıqdan, həyətdə aparılmış abadlıq, yaşıllaşdırma işlərindən razılığını bildirdi. Bir çox müasir xarici aparatları işlədə bilən ixtisaslı kadrların bilik və bacarığı, peşəkarlığı ilə maraqlandı.

 

Azərbaycanın birinci xanımı növbəti vaksinasiya üçün uşaqlarını gətirmiş analarla və onların övladları ilə səmimiyyətlə görüşdü.

 

Valideynlər burada yaradılan şəraitdən razılıqlarını bildirdilər, profilaktik tədbirlərin vaxtında və keyfiyyətlə aparılmasından razılıq etdilər.

 

Mehriban xanım əsl həkim peşəkarlığı, ana həssaslığı ilə körpələrin bir neçəsini qucağına alıb özü onlara poliomielitə qarşı vaksinlər verdi. Bu uşaqların hər biri Mehriban xanımdan hədiyyə olaraq oyuncaqlar da aldılar.

 

Mehriban xanım Əliyeva analar və tibb işçiləri ilə söhbətində immunlaşdırmanın əhəmiyyətindən danışdı, hər bir müasir ölkədə olduğu kimi, Azərbaycanda da uşaqların sağlamlığına qayğının dövlət siyasətinin öncül istiqamətlərindən birini təşkil etdiyini bildirdi. İmmunlaşdırma tədbirlərinin keçirilməsinə, yoluxucu xəstəliklərlə xəstələnmə səviyyəsinin enməsinə, immunizasiyaya diqqətin artmasına, peyvəndlə əhatə olunanların dairəsinin genişləndirilməsinə, ilk növbədə belə xəstəliklərə qarşı xüsusilə həssas olan uşaqların vaksinasiyasına, habelə, əhalinin bu istiqamətdə maarifləndirilməsinə, məlumatlandırılmasına diqqətin artırılmasının vacibliyini vurğuladı.

 

Azərbaycanın birinci xanımı analar və uşaqlarla, poliklinikanın kollektivi ilə xatirə şəkilləri çəkdirdi.


FOTO