01.jpg
27 avqust 2007

Heydər Əliyev Fondu bir sıra uşaq evlərinə yardımlar edib və şənliklər keçirib

Heydər Əliyev Fondu növbəti xeyriyyə aksiyası çərçivəsində 1 nömrəli körpələr evinə və Bakı Səhiyyə Baş İdarəsinin psixo-nevroloji uşaq evinə ərzaq və hədiyyələr göndərib. Nəsimi rayonundakı “Koala” uşaq istirahət mərkəzində Suraxanı rayonundakı 2 nömrəli uşaq evinin valideyn himayəsindən məhrum olan sakinləri üçün şənlik keçirilib, uşaqlara hədiyyələr verilib. “Elit” Əyləncə Mərkəzində isə Xətai rayonundakı 3 nömrəli uşaq evindən, Nəsimi rayonundakı 268 nömrəli ixtisaslaşdırılmış məktəbdən, Sabunçu rayonundakı 1 nömrəli xüsusi internat məktəbindən ümumilikdə 110 uşağın qatıldığı şənlik təşkil edilib.

 

Bunlardan əlavə, Əzizbəyov rayonunun Buzovna qəsəbəsindəki 13 nömrəli internat məktəbinə də hədiyyələr göndərilib. Müxtəlif yataq dəstləri, isti yorğan-döşək, soyuducu, qızdırıcılar və digər məişət texnikası qayğıya ehtiyacı olan uşaqların istifadəsinə verilib.

 

Saray qəsəbəsindəki əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün 7 nömrəli internat evinə də Heydər Əliyev Fondunun hədiyyələri göndərilib.

 

Şüvəlanda uşaqlar üçün yaradılmış yay düşərgəsində avqustun 26-da təşkil olunmuş konsert proqramı onların istirahətlərinin mənalı keçməsi üçün mühüm tədbirlərdən biri olub. Nizami rayonundakı 1 nömrəli uşaq evindən, Əzizbəyov rayonundakı 2 nömrəli xüsusi internat məktəbindən, 1 nömrəli yardımçı internat məktəbindən, poliomelit və beyin iflici olan uşaqlar üçün 16 nömrəli internat məktəbindən, Sabunçu rayonundakı əqli cəhətdən qüsurlu uşaqlar üçün 11 nömrəli internat məktəbindən ümumilikdə 300 uşağın qatıldığı mərasim miqyasına görə ən böyük tədbir idi. Burada uşaqlara Heydər Əliyev Fondunun xüsusi hədiyyələri və hər uşaq evinə televizor və DVD-player dəstləri təqdim edildi.

 

Bölgələrdəki uşaq evləri də diqqətdən kənarda qalmamışdır. Lənkəran şəhərindəki əqli cəhətdən qüsurlu uşaqlar üçün internat məktəbinə, Gəncə və Şəki şəhər uşaq evlərinə, Mingəçevir uşaq nevroloji sanatoriyasına hədiyyələr göndərilib.


FOTO