02.jpg
5 iyul 2006

Heydər Əliyev Fondu ölkəmizin ali məktəblərinə müxtəlif elm sahələrinə aid Rusiyada nəşr olunmuş 4 mindən çox kitab hədiyyə edib

İyulun 5-də Heydər Əliyev Fondu respublikamızın ali məktəblərinə müxtəlif elm sahələrinə aid Rusiyada yüksək poliqrafik səviyyədə çap olunmuş 4 mindən çox kitab hədiyyə etmişdir.


Bu münasibətlə keçirilən təqdimat mərasimində respublikamızın elm, mədəniyyət, təhsil işçiləri, tanınmış alim və ziyalıları iştirak etmişlər.

 

Mərasimi giriş nitqi ilə Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı MEHRİBAN XANIM ƏLİYEVA açdı.

 

Milli Məclisin elm və təhsil məsələləri daimi komissiyasının sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Şəmsəddin Hacıyev Heydər Əliyev Fondunun ölkəmizin sosial-iqtisadi inkişafının ən mühüm prioritetlərindən biri kimi müəyyən edilmiş təhsil sahəsinin inkişafına xüsusi diqqət və qayğı ilə yanaşdığını və bu istiqamətdə çox əhəmiyyətli tədbirlər həyata keçirdiyini konkret faktlarla xatırlatmış, görülən işlərin elm və təhsil işçiləri tərəfindən böyük razılıqla qarşılandığını bildirmişdir. Rektor Fondun elm, təhsil, səhiyyə, mədəniyyət, incəsənət sahəsində, eləcə də milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və təbliği, xüsusilə Dağlıq Qarabağ həqiqətlərinin bütün dünyaya çatdırılması istiqamətində fəaliyyəti ilə cəmiyyətdə böyük nüfuz qazandığını vurğulamışdır.

 

O demişdir ki, Fond son bir ildə Azərbaycan Dövlət İqtisad Universiteti ilə də bir neçə uğurlu layihənin həyata keçirilməsində yaxından iştirak etmişdir. "Heydər Əliyev iqtisadi irsinin öyrənilməsi Mərkəzinin" yaradılması və müasir informasiya-kommunikasiya vasitələrindən geniş istifadə etməklə virtual sistemlərə və proqram təminatına əsaslanan 20-dən çox elmi-metodik tədris laboratoriyasının qurulması xüsusilə əhəmiyyətlidir.

 

Ali təhsilin maddi-texniki bazasının möhkəmlənməsi, dünya təhsil sisteminə inteqrasiya, müasir tələblərə cavab verən müvafiq qanunvericilik aktlarının qəbul edilməsi sahəsindəki uğurları xatırladan Ş.Hacıyev təhsilin bütün pillələrində müasir dərsliklər və dərs vəsaitləri ilə təminatın mühüm yer tutduğunu, bu problemin iqtisadyönümlü ixtisaslarda özünü daha aydın şəkildə büruzə verdiyini bildirmişdir. Rektor Fondun universitetə 300-ə qədər dərsliyi hədiyyə etməsini yüksək qiymətləndirmişdir. Bildirilmişdir ki, bu kitablar bir tərəfdən, iqtisadiyyatın, demək olar, bütün sahələrini (dünya iqtisadiyyatı, makro və mikro iqtisadiyyat, maliyyə, bank işi, menecment, marketinq, idarəetmə, mühasibat uçotu, audit, laborator analizləri) əhatə edir, digər tərəfdən, bu dərsliklərin əksəriyyətinin dünyanın və Avropanın ən məşhur unversitetlərinin kafedraları, alimləri tərəfindən yazılmışdır.

 

Ş.Hacıyev bu əvəzsiz hədiyyəyə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya 18 min nəfərlik müəllim və tələbə kollektivi adından minnətdarlıq etmişdir.

 

Sonra çıxış edən Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru Nurlanə Əliyeva demişdir ki, ulu öndər Heydər Əliyevin adını daşıyan bu müqəddəs yerdə təhsilimiz, elmimiz və mədəniyyətimiz üçün mühüm əhəmiyyəti olan tədbirlər müntəzəm keçirilir. O millət, xalq, ölkə inkişaf edir ki, orada dövlət elmin, təhsilin inkişafına qayğı ilə yanaşır. Bu cəhətdən xalqımız, pedaqoji ictimaiyyətimiz nikbindir. Çünki ölməz Heydər Əliyevin təhsildə apardığı islahatlar hazırda onun layiqli varisi İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

İndiki mərasimin də belə qayğının əyani təzahürü olduğunu söyləyən N.Əliyeva görkəmli Azərbaycan yazıçı və pedaqoqu Mircəlal Paşayevin "Bir gəncin manifesti" əsərində azərbaycanlı uşaqların vəziyyətini bütün ağrı-acısı ilə qələmə alan müəllifin "Bahar, mələr quzum, indi sən haradasan..." sözlərini xatırladaraq, XXI əsrin əvvəllərində onun nəvəsi Mehriban xanımın uşaqların səsinə əməli işləri ilə səs verdiyini vurğulamış, onun valideyn himayəsindən məhrum olan uşaqların təhsili və tərbiyəsinə verdiyi töhfələri yada salmışdır.

 

"Yeniləşən Azərbaycana yeni məktəb" proqramının, eləcə də digər layihələrin cəmiyyətdə yüksək razılıqla qarşılandığını bildirən N.Əliyeva fəal həyat mövqeyinə malik gənc nəslin yetişməsində dərsliklərin rolundan, ibtidai təhsilin əhəmiyyətindən, müsbət ənənələri ilə tanınan kollecdə bu sahədə görülən işlərdən də danışmışdır. Eyni zamanda, problemlərdən də söhbət açmış, onların aradan qaldırılması üçün öz təkliflərini söyləmiş, həmin problemlərin həllinə Heydər Əliyev Fondunun yardımçı olacağına əminliyini vurğulamışdır.

 

Bakı Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Abel Məhərrəmov bu tədbirin Azərbaycan təhsili, elmi üçün çox əlamətdar olduğunu vurğulayaraq, 4 mindən artıq kitabın ölkə ali məktəblərinə təqdimatını ümummilli lider, ulu öndər Heydər Əliyevin vəsiyyətlərinə böyük ehtiramın sübutu kimi səciyyələndirmişdir.

 

Heydər Əliyev Fondunun təhsil və mədəniyyətimizin inkişafına mühüm töhfələr verdiyini bildirən rektor Rusiyanın tanınmış alimlərinin yazdıqları elmi-nəzəri əsərlərin, dərsliklərin Azərbaycana gətirilib təmənnasız olaraq ali məktəblərə paylanılmasının bu baxımdan əhəmiyyətini vurğulamışdır. Bakı Dövlət Universitetinə 794 adda mindən çox kitab ayrıldığını bildirən A.Məhərrəmov demişdir ki, universitetin 16 fakültəsində 43 istiqamət üzrə təhsil alan 17 mindən çox tələbə, habelə 1500-ə yaxın müəllim bu əsərlərdən bəhrələnə biləcəkdir.

 

Rektor vurğulamışdır ki, Heydər Əliyev Fondu yaranarkən çoxlarında belə təsəvvür vardı ki, dünyada olan oxşar qurumlar kimi, o da çox da mürəkkəb olmayan missiyanı həyata keçirəcəkdir. Ancaq qısa müddət keçəndən sonra hamı gördü ki, bu Fond qarşısına genişmiqyaslı vəzifələr qoymuşdur və onları yerinə yetirməkdə israrlıdır. Fond artıq özü də bir elmi mərkəzə çevrilməkdədir.

 

Qloballaşma dövründə, informasiya cəmiyyətinin bərqərar olduğu müasir internet əsrində digər ölkələrlə elmi-mədəni əməkdaşlığın, ümumbəşəri nailiyyətlərin öyrənilməsinin əhəmiyyətini xatırladan rektor, hələ əksər dərsliklərimizin latın qrafikası ilə çap edilmədiyi bir şəraitdə Fondun hədiyyə etdiyi kitabların tədris prosesinin keyfiyyətinin yaxşılaşmasına mühüm kömək olacağını bildirmişdir.

 

A.Məhərrəmov Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin sosial-iqtisadi inkişafı, milli dövlət müstəqilliyimizin möhkəmlənməsi sahəsində gərgin fəaliyyətinin təbliğində ziyalıların, təhsil işçilərinin öhdəsinə düşən vəzifələrdən də danışmış, elm və təhsilə qayğısına görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya universitetin çoxminlik kollektivinin minnətdarlığını çatdırmışdır.

 

Rus dilində nəşr olunmuş, elmi-texniki tərəqqinin son nailiyyətlərini əks etdirən dərsliklərin və elmi-kütləvi ədəbiyyatın ali məktəblərə təqdim edilməsinin mühüm hadisə olduğunu vurğulayan Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov demişdir ki, hazırda Azərbaycanda çox böyük inkişaf var. Bu inkişaf bütün sahələri, o cümlədən elm və təhsil sahəsini də əhatə edir. Ulu öndər Heydər Əliyevin təhsilə, elmə, mədəniyyətə, səhiyyəyə göstərdiyi diqqət və qayğının bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən davam etdirildiyini deyən rektor indiki tədbirin də məhz bunun nəticəsi olduğunu söyləmişdir.

 

Tibb Universitetinin tələbələri, elmi işçiləri üçün xeyli sayda dərsliklərin, kitabların da ayrıldığını bildirən Ə.Əmiraslanov bu nəşrlərin çox böyük üstünlükləri olduğunu, Rusiyanın nüfuzlu alimləri tərəfindən yazıldığını xatırlatmışdır. Universitetdə kitabxananın əsasının uzun illər bu təhsil ocağına rəhbərlik etmiş böyük alim və ictimai xadim Əziz Əliyev tərəfindən qoyulduğunu, hazırda kitab fondunun 1 milyon nüsxəyə çatdığını xatırladan rektor bildirmişdir ki, hər il latın qrafikası ilə təxminən 50 dərslik çap edilir. Bu dərsliklər öz mütəxəssislərimiz tərəfindən yazılmışdır. İndi hədiyyə olunan dərsliklər isə xüsusilə rus bölməsində oxuyan tələbələr, habelə müəllimlər, elmi tədqiqat işi ilə məşğul olan magistrlər üçün çox faydalı olacaqdır.

 

Akademik Ə.Əmiraslanov belə dəyərli nəşrlərin alınıb gətirilməsinə və ali təhsil müəssisələrinə hədiyyə olunmasına görə Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya universitetin kollektivi adından dərin təşəkkürünü bildirmişdir.

 

Çıxışına Mehriban xanım Əliyevaya təşəkkürlə başlayan Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdullayev Slavyan Universitetinə təqdim olunan kitabların təhsil ocağının həyatında, tələbələrin, müəllimlərin fəaliyyətində yeni canlanma yaradacağını, çox böyük razılıqla qarşılanacağını vurğulamışdır. Slavyan Universitetinə təqdim olunan kitabların, başqa universitetlərə verilən əsərlərdən həm də informasiyaların zənginliyi ilə fərqləndiyini bildirən rektor demişdir ki, həmin əsərlərin müəlliflərinin bir çoxu ilə universitet sıx əlaqə saxlayır və Rusiyadakı bir sıra ali məktəblərin kitabxanaları ilə də birbaşa təmaslar yaradılmışdır. Bu da təbiidir, çünki hazırkı informasiya cəmiyyətində də dünyada kitab vasitəsilə ünsiyyət yenə öz əhəmiyyətini, etibarlılığını qoruyub saxlayır.

 

Rəhbərlik etdiyi Universitetdə dünya klassiklərinin əsərlərinin birbaşa tərcümə edilib nəşr olunması üçün görülən işlərdən danışan K.Abdullayev bu təşəbbüslərin bir sıra xarici ölkələrdə də böyük maraqla qarşılandığını bildirmişdir.

 

Bu gün kitab bayramıdır, - deyən rektor Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın, digər sahələrdə olduğu kimi, kitabın təbliği sahəsindəki fəaliyyətinin də cəmiyyət tərəfindən yüksək qiymətləndiriləcəyinə əminliyini söyləmiş, dünyanın bir çox ölkələrində hazırda azərbaycanşünaslığa böyük diqqət yetirildiyini xatırlatmış, bununla bağlı qarşıda duran vəzifələrdən də danışmışdır.

 

Xeyriyyəçilik fəaliyyəti, mərhəmətliliyi, alicənablığı ilə örnək olan Azərbaycanın birinci xanımının fəaliyyətinin insanlarda Heydər Əliyev ideyalarının ölməzliyinə inam da yaratdığını bildirən rektor K.Abdullayev dahi şəxsiyyətin siyasi xəttinin onun övladı, Prezident İlham Əliyev tərəfindən böyük ləyaqətlə, gəlini Mehriban xanım tərəfindən məhəbbətlə davam etdirilməsinin mənəvi əhəmiyyətini vurğulamışdır.

 

K.Abdullayev dəyərli hədiyyəyə görə Fondun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıq etmişdir.

 

Səhiyyə naziri Oqtay Şirəliyev dahi şəxsiyyət Heydər Əliyevin adını daşıyan Fondun konkret insanların, əhalinin problemləri ilə bağlı real işlər gördüyünü vurğulayaraq demişdir ki, bu fəaliyyət sahələrindən biri də səhiyyə və təhsildir. "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı doğrudan da misilsiz bir layihədir. Bu, əvvəlcə bir çoxları üçün inandırıcı görünmürdü. Ancaq bu işlər layihə ilə bağlı doğrudan da, ən yüksək səviyyədə təşkil olundu, məktəblər qısa müddətdə tikildi və üstəlik, avadanlıqla, kompyuterlərlə də təmin edildi.

 

Səhiyyə sahəsində Fondun gördüyü işləri xatırladan nazir, şəkərli diabeti olan uşaqlara çox böyük yardımların edilməsini, irsi qan xəstəlikləri olan insanların müalicəsi üçün görülən tədbirləri, hazırda Bakı şəhərində Talassemiya mərkəzinin inşasını xüsusi vurğulamışdır. Nazir, Fondun təşəbbüsü ilə bu yaxınlarda Bakı şəhərində qədim tibb əlyazmaları ilə bağlı beynəlxalq konfransın keçirildiyini, Azərbaycanda saxlanılan üç əlyazmanın YUNESKO-nun Dünya Yaddaşı Proqramının registrinə salınmasını mühüm hadisə kimi səciyyələndirmiş, bir müddət əvvəl Parisdə qeyri-maddi mədəni irsin qorunması ilə bağlı komissiyanın Baş Assambleyasında Mehriban xanımın hər bir ölkənin müxtəlif sahədə topladığı təcrübədən, səriştədən istifadə etmək haqqında irəli sürdüyü fikirləri yüksək qiymətləndirmişdir.

 

O.Şirəliyev təhsil ocaqlarına hədiyyə olunan kitablara, xüsusən tibbə dair ədəbiyyata görə Mehriban xanım Əliyevaya çoxminlik səhiyyə işçilərinin minnətdarlığını çatdırmışdır.

 

Mehriban xanım Əliyeva mərasimə yekun vuraraq demişdir: Mən tədbirdə iştirak və çıxış edən bütün alimlərimizə və müəllimlərimizə öz dərin minnətdarlığımı bildirmək istəyirəm. İnanıram ki, bu gün təməlini qoyduğumuz böyük bir proqram Azərbaycan təhsilinin inkişafına mühüm töhfə olacaqdır.

 

Sizə cansağlığı və uğurlar arzulayıram.

 

Sonra Mehriban xanım mərasimdə iştirak edən elm xadimləri, təhsil işçiləri ilə söhbət etmiş, onlarla birlikdə hər bir təhsil müəssisəsi üçün ayrılmış kitablara baxmışdır.


FOTO