0.JPG
28 dekabr 2004

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakının Nərimanov rayonunda yerləşən kor və zəif görən uşaqlar üçün respublika internat orta məktəbində olub

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva dekabrın 28-də Bakının Nərimanov rayonunda yerləşən kor və zəif görən uşaqlar üçün respublika internat orta məktəbində olmuşdur. Uşaqlar, müəllimlər və valideynlər Mehriban xanımı səmimiyyətlə, gül-çiçəklə qarşıladılar.


Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibətilə təşkil edilmiş şənlikdə Mehriban xanımın iştirakı uşaqların böyük sevincinə səbəb oldu. Hörmətli qonağa təşəkkür edən uşaqlar bu görüşü uzun müddət unutmayacaqlarını vurğuladılar, onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və Mehriban xanıma dərin minnətdarlıqlarını bildirdilər.


Məktəbin özfəaliyyət dərnəyi üzvlərinin çıxışları, səslənən şerlər burada təhsil alan uşaqların nə qədər istedadlı olduqlarını göstərdi.


Mehriban xanım Əliyeva uşaqları Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edərək dedi: Arzum budur ki, siz daha yaxşı oxuyasınız, daha gözəl bayramlar keçirəsiniz. Sizin çıxışlarınız mənim çox xoşuma gəldi, çox sağ olun. Məni çox hərarətlə, sevgi ilə qarşıladınız. Mən də sizi çox sevirəm. Bayramlarınızı bir daha təbrik edirəm. Söz verirəm ki, biz sizinlə yeni ildə tez-tez görüşəcəyik.


Sonra Mehriban xanım ayrı-ayrı sinif otaqlarına baxdı, görməyən uşaqlar üçün latın qrafikası ilə kitablar çap edən aparatla, kiçik mətbəə ilə, şagirdlərin respublika səviyyəsində idman və təhsil üzrə keçirilən yarışlarda qazandığı nailiyyətlərlə, istedadlı uşaqların rəsm əsərləri və tikiş nümunələri, yataqxana ilə tanış oldu.


Hörmətli qonağa məktəb barədə məlumat verilərək bildirildi ki, 1936-cı ildə əsası qoyulan bu təhsil ocağında uşaqların müxtəlif sənətlərə yiyələnməsi üçün geniş şərait yaradılmışdır. Hazırda məktəbdə 266 uşaq təhsil alır. Onlardan 135-i tam görmür. 100 müəllim və tərbiyəçidən 25-i birinci qrup əlildir. 130 şagird buradakı yataqxanada yaşayır, qalanları isə dərsdən sonra evlərinə buraxılır.


Mehriban xanım Əliyeva məktəbə BRAYL kağızı, dərslik, kasetlər, görməyənlərin yazması üçün cihaz və qrifel hədiyyə etdi, şagirdlərlə səmimi görüşüb, onların təlim-tərbiyəsi, yeməkləri ilə maraqlandı və xatirə şəkli çəkdirdi.


Uşaqlara Mehriban xanımın adından bayram sovqatı da gətirilmişdi.


FOTO