27 dekabr 2011

Moskvada və Rusiyanın 20-dən artıq regionunda xeyriyyə aksiyaları

Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) və Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) ilə birlikdə Moskvada və Rusiyanın 20-dən çox regionunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində irimiqyaslı xeyriyyə aksiyaları keçirilmişdir. 


Hər zaman kimsəsiz, valideyn himayəsindən məhrum olan uşaqlara diqqət və qayğı ilə yanaşan Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi bu dəfə də öz ənənəsinə sadiq qalaraq Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Moskvanın 2, 8, 11, 23 və 43 nömrəli uşaq evi-internat məktəblərinə, Rusiya Tibb Elmləri Akademiyasının Petrovski adına Elmi Cərrahiyyə Mərkəzinə, həmçinin “Yujnoye Butovo” əlil uşaqların Sosial Reabilitasiyası Mərkəzinə hədiyyələr göndərmişdir.


Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları Moskvanın bir neçə uşaq evinə gələrək Şaxta baba, Qar qız və digər nağıl qəhrəmanlarının iştirakı ilə əsl bayram tədbirləri təşkil etmişlər. Qayğıya və diqqətə ehtiyacı olan uşaqlara Leyla xanım Əliyevanın Yeni il bayramı münasibətilə təbrikləri çatdırılmışdır. Şaxta babanın və Qar qızın iştirakı ilə maraqlı bayram proqramından sonra balacalara hədiyyələr təqdim olunmuşdur.


Hədiyyə zənbilinə Şərq şirniyyatı, meyvələr, kitablar, oyuncaqlar qoyulmuşdu. Hər bir uşaq evinə kompyuter, printer və digər hədiyyələr təqdim edilmişdir. Heydər Əliyev Fondu tərəfindən göndərilmiş şirniyyatlar da uşaqların sevincinə səbəb olmuşdur.


Leyla xanım Əliyevanın təşəbbüsü ilə Rusiyanın digər regionlarında - Sankt-Peterburq, Yekaterinburq, Vladimir, Tula, Kaluqa, Tver, Kirov, Voronej, Çelyabinsk, Lipetsk, Tümen, Yaroslavl vilayətlərində, habelə Udmurtiyada da bu cür xeyriyyə aksiyaları keçirilmişdir.


Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi belə xeyriyyə aksiyalarını tez-tez keçirir. Bu aksiyalar Fondun fəaliyyətinin və iş istiqamətlərindən birinin məntiqi davamıdır. Heydər Əliyev Fondunun nümayəndəliyi artıq dörd ildir Rusiyada xeyriyyə aksiyaları keçirir, valideyn himayəsindən məhrum uşaqları, xəstə körpələri sevindirir.


Fondun aksiyalarının keçirildiyi 2 və 43 nömrəli internat məktəblərinin direktorları Nadejda Xrikina və Qalina İvanova, habelə digər uşaq evlərinin rəhbərləri mənəvi dəstəyə ehtiyacı olan uşaqlara göstərilən diqqət və qayğıya görə Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevaya minnətdarlıqlarını bildirmişlər.


Uşaqların sevinci isə bu tədbirlərin təşkilatçıları üçün ən böyük mükafatdır.